Bakı. 27 mart. REPORT.AZ/ Vaşinqtonda ABŞ Konqresinin Dövlət, Xarici Əməliyyatlar və Əlaqədar Proqramlar alt-komitəsində Konqres üzvü Kay Grangerin sədrliyi altında dinləmə keçirilib.
"Report"un Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, dinləmədə ABŞ-da fəaliyyət göstərən bir sıra təşkilatlar komitəni fəaliyyətləri barədə məlumantandırıb və hesabatlarını təqdim ediblər.
İfadə verənlərin sırasında Save the Children, İnternews və UNİCEF kimi təşkilatlar yer alıb.
Bundan əlavə Amerika Erməni Assambleyasının icraçı direktoru Brayan Arduni, Amerika-Ermənistan Milli Komitəsinin hökümət məsələləri üzrə direktoru Keyt Nahapetyan, eləcə də ABŞ Azərbaycanlıları Şəbəkəsi heyətinin üzvü Bədir Məmmədli çıxış ediblər.
B.Arduni, Türkiyə və Azərbaycanın siyasəti səbəbi ilə Ermənistanın ziyana uğradığını və bunun öhdəsindən gəlmək üçün ABŞ hökümətindən 40 milyon dollarlıq yardım istəyib.
Daha sonra ifadə verən Keyt Nahapetyan ABŞ-Ermənistan münasibətlərindən, son iki ildə baş verən atəşkəs pozuntularından bəhs edib və ABŞ-ın Azərbaycana hərbi dəstəyi dayandırmasını vurğulayıb.
ABŞ Azərbaycanlıları Şəbəkəsi adından ifadə verən Bədir Məmmədli, dinləmə iştirakçılarını ABŞ-ın Azərbaycan və Ermənistana ayırdığı yardımında balanssızlıq və Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırıb.
O bildirib ki, ABŞ Ermənistana hərbi yardım göndərməklə həm də Rusiyanın başçılıq etdiyi hərbi ittifaqa dəstək verir. B.Məmmədli ABŞ-ın Ermənistana maliyyə yardımının Ermənistanın Dağlıq Qarabağın işğalını möhkəmləndirməyinə kömək etdiyi üçün bu yardım dayandırılmasının zəruriliyini vurğulayıb.