ABŞ-ın üç şəhərinə gələn şəxslər karantinə alınacaq

ABŞ-ın üç şəhərinə gələn şəxslər karantinə alınacaq ABŞ-ın Nyu-York, Nyu-Cersi və Konnektikut şəhərlərinə gələn şəxslər 14 gün müddətinə karantinə alınacaqlar.
Digər ölkələr
25 İyun , 2020 13:09
ABŞ-ın üç şəhərinə gələn şəxslər karantinə alınacaq

ABŞ-ın Nyu-York, Nyu-Cersi və Konnektikut şəhərlərinə gələn şəxslər 14 gün müddətinə karantinə alınacaqlar.

"Report"un xüsusi müxbiri xəbər verir ki, bununla bağlı Nyu-York ştatının qubernatoru Endryu Kuomo (Andrew Cuomo) qərar qəbul edib. 

Qərar xüsusilə son günlərdə koronavirus qurbanlarının sayının sürətlə artdığı ABŞ-ın Alabama, Arizona, Florida, Şimali Karolina, Cənubi Karolina, Yuta, Texas və Kaliforniyadan gələn şəxslərə şamil olunacaq.

E.Kuomo bildirib ki, yüksək infeksiya riski olan ştatlardan gələn səyahətçilər qərara könüllü şəkildə tabe olmazlarsa, 14 gün müddətinə məcburi karantin rejimi, daha sonra isə cərimələr tətbiq ediləcək. Belə ki, həmin şəxslər ilk qayda pozuntusuna görə 2 000 ABŞ dolları, növbəti dəfə 5 000 ABŞ dolları, qərara məhəl qoymadıqları təqdirdə isə 10 000 ABŞ dollarınadək cərimə olunacaqlar.

Qubernator son bir həftədə ABŞ-ın 27 ştatında koronavirus qurbanlarının sayının sürətlə artdığını deyərək Nyu-Yorkun yenidən pandemiyanın episentri olmaması üçün bütün tədbirləri alacağını vurğulayıb.

Qeyd edək ki, iyunun 22-dən etibarən Nyu-York şəhərində mağazalar, pərakəndə ticarət mərkəzləri, restoranlar, bərbərxanalar və gözəllik salonları fəaliyyətə başlayıb. Qubernator və bələdiyyə sədri insanların normal yaşamına beş mərhələdə dönəcəyini və bunun üçün xüsusi proqram tətbiq edildiyini açıqlayıb. Hazırda Nyu-York şəhərində ikinci mərhələ tətbiq olunur.

Müxbir: Vüsalə Abbasova 

Son xəbərlər

Orphus sistemi