Bakı. 21 iyul. REPORT.AZ/ “ABŞ Qətərin terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə atdığı addımdan məmnundur”.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson Qətər böhranı ilə əlaqədar Körfəzdə yaranan vəziyyəti şərh edərkən bildirib.
O, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi və Misirin Qətərə qarşı tətbiq etdikləri sanksiyaları aradan qaldırmağı dəyərləndirməyə çağırıb.
Qeyd edək ki, ötən gün Qətər terrorçuluğa qarşı mübarizə qanununda dəyişiklik edib. Birləmiş Ərəb Əmirliyi rəsmi Dohanın bu adımını alqışlayıb.
Xatırladaq ki, bu il mayın 21-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyadda “Birlikdə güclüyük” devizi altında keçirilən “Ərəb-İslam-Amerika” sammitindən sonra anti-Qətər koalisiyası yaranıb. Həmin görüşdən bir neçə gün sonra Qətər terrorçuluğu maliyyələşdirən dövlət elan edilib. İyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misir Qətəri terrorçuluğu dəstəkləməkdə ittiham edərək onunla diplomatik münasibətləri kəsdiyini elan edib, onlara Komor adaları, sonra Yəmən, Maldiv, Mavritaniya və Liviya da qoşulub.