ABŞ Hörmüz boğazında keşik çəkmək üçün koalisiya yaratmaq istəyir

ABŞ Hörmüz boğazında keşik çəkmək üçün koalisiya yaratmaq istəyir ABŞ Hörmüz boğazında keşik çəkmək üçün dünyanın müxtəlif ölkələrinin iştirakı ilə koalisiya yaratmaq niyyətlərini elan edib.
Digər ölkələr
23 İyul , 2019 14:58
ABŞ Hörmüz boğazında keşik çəkmək üçün koalisiya yaratmaq istəyir

ABŞ Hörmüz boğazında keşik çəkmək üçün dünyanın müxtəlif ölkələrinin iştirakı ilə koalisiya yaratmaq niyyətlərini elan edib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, ABŞ dövlət katibi Mayk Pompeo bunu sərbəst gəmiçiliyi təmin etmək istəyi ilə izah edib. 

"WFTV 9" teleşirkətinə müsahibəsində M.Pompeo hərbi münaqişənin yaranma ehtimalının olduğunu, amma ABŞ administrasiyasının döyüşə hazırlaşmadığını vurğulayıb.

“Prezident açıq şəkildə bildirib: biz İranla müharibə istəmirik. Sadəcə istəyirik ki, onlar dünyada terror fəaliyyətlərini dayandırsınlar. Onlar nüvə silahı istehsal etməyə davam edə bilməzlər", - M.Pompeo deyib.

Dövlət katibi qeyd edib ki, Prezident Donald Tramp vəziyyəti İran hökuməti ilə heç bir şərt olmadan müzakirə etməyə hazırdır.

Koalisiyanın yaradılması barədə həmçinin ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford da açıqlama verib. Onun sözlərinə görə, ABŞ hökuməti artıq bir sıra ölkələrlə danışıqlar aparır. Eyni zamanda, Pentaqon başçısının köməkçisi Ketrin Vilbarger kampaniyanın məqsədinin İrana qarşı olmaq yox, gəmiçiliyin təhlükəsizliyini təmin etmək olduğunu qeyd edib.

Xatırladaq ki, Hörmüz boğazında vəziyyət, eyni zamanda Vaşinqton və Tehran arasındakı münasibətlər iyunun 13-də Norveçin "Front Altair" və Yaponiyanın "Kokuka Courageous" tankerlərinə hücum edilməsindən sonra kəskinləşib.

Ardından KİV-də ABŞ gəmisinin Hörmüz boğazının beynəlxalq sularında İranın pilotsuz uçan aparatını (PUA) vurduğu barədə məlumat yayılıb. ABŞ bunun özünümüdafiə məqsədi ilə edildiyini açıqlayıb, İran isə amerikalıların səhvən öz PUA-sını vurduğunu iddia edib.

Ən son isə İran beynəlxalq qaydaları pozduğunu və İranın balıqçı gəmisinin iştirakı ilə insidentdə iştirak etdiyini əsas gətirərək iyulun 19-da Hörmüz boğazında Böyük Britaniyanın "Stena Impero" tankerini saxlayıb. Tanker hazırda İranın Bəndər Abbas limanındadır, 3-ü Rusiya vətəndaşı olmaqla, 23 nəfərlik ekipaj üzvləri insidentin araşdırılması bitməsinə qədər gəmidə qalacaq.

Son xəbərlər

Orphus sistemi