ABŞ hökuməti Əfqanıstana 60 milyon dollar məbləğində yardım ayıracaq.
“Report”un məlumatına görə, bunu ABŞ Dövlət katibinin Cənubi və Orta Asiya üzrə müavini Alis Uells söyləyib.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp administrasiyası, Əfqanıstanın korrupsiyaya qarşı mübarizədəki irəliləyişlərini gördüyü üçün yardıma qoyulan qadağını ləğv edib.
Ötən ilin sentyabrında ABŞ Əfqanıstandakı böyük enerji infrastrukturu layihəsi üçün 100 milyon dollar ayırıb. Lakin, araşdırmalardan sonra qeyri-şəffaf satınalmalar aşkarlanıb və Əfqanıstana ayrılması planlaşdırılan 60 milyon dollar yardım dondurulub:
“Dövlət katibi (Mayk) Pompeo çatışmazlıqların olduğu yerləri müəyyən etdikdə, Əfqanıstanda geniş yayılmış korrupsiyanın davam etməsi narahatlığımıza səbəb oldu. Şadam ki, dövlət katibinin qeyd etdiyi bir sahədə Əfqanıstan hökuməti tərəfindən irəliləyiş gördük və 60 milyon dollar məbləğində yardım ayıra bildik”.