Bakı. 10 oktyabr. REPORT.AZ/ ABŞ dövlət katibi Mayk Pompeo İranı Avropada terrorizmi dəstəkləməkdə ittiham edib.
“Report” “RİA Novsti”yə istinadən xəbər verir ki, o, Almaniya hökumətinin bu il iyunun 30-da Fransanın Vilpen şəhərində keçirilməsi nəzərdə tutulan konfrans zamanı terror aktı hazırlamaqda şübhəli bilinən 46 yaşlı iranlı diplomat Əsədullah Əsədini oktyabrın 9-da Belçikaya ekstradisiya etdiyini də xatırladıb.
“Bu sui-qəsdin miqyası bizə İranın dünyadakı terrorizmin əsas sponsoru olduğunu xatırladır. Həmçinin bu sui-qəsd İranın bütün Avropada da terrorizmə dəstək verdiyini üzə çıxarır. Biz İranın bütün dünya boyu dəstəklədiyi terrorizmin törətdiyi təhlükəni aşkar etməklə və ona qarşı mübarizədə avropalı müttəfiqlərimzi dəstəkləyirik”, - ABŞ dövlət katibi bildirib.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin hesabatına görə, İran son 6 ildə terrorçuluğun maliyyələşdirilməsinə və Suriyadakı Bəşşar Əsəd rejiminə 16 milyard dollar xərcləyib.