Bakı. 11 may. REPORT.AZ/ ABŞ-ın Ohayo ştatında baş verən atışma nəticəsində ən azı 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
"Report" "RİA Novosti" saytına istinadən xəbər verir ki, insident Klivlend şəhərində baş verib. Naməlum şəxs atəş açaraq 5 nəfəri yaralayıb.
Zərərçəkənlər tibb mərkəzinə yerləşdirilib. Onlardan 3 nəfərin, o cümlədən hamilə qadının vəziyyətinin kritik olduğu bildirilir. Daha bir qadın qolundan yaralanıb, onun vəziyyəti stabildir. Zərərçəkənlərdən biri xəstəxanada dünyasını dəyişib.
Hadisə ilə bağlı araşdırma aparılır. İnsidentin səbəbləri və atəş açanın şəxsiyyəti məlum deyil.