Arizona. 9 noyabr. REPORT.AZ/ ABŞ-da hər kəs nəfəs dərmədən bu gün ölkədə keçirilən prezident seçkilərinin nəticələrini gözləyir. Axşam saatlarında ştatların və böyük şəhərlərin hər birində seçicilərin bir yerə toplaşması, öz namizədinə azarkeşlik etməsi və səsvermənin nəticələrini öyrənməsi üçün Demokratlar və Respublikaçılar partiyalarının qərargahları açılıb.
"Report"un ABŞ-a ezam olunmuş xüsusi müxbiri hər iki partiyanın Arizona ştatının paytaxtı Finiksdə yaradılmış qərargahında olub.
Arizona ənənəvi olaraq öz səsini respublikaçı namizədlərə verir, lakin bu il o, "qərarsız" ştatların siyahısına düşüb.
Hər iki partiyanın qərargahında canlanma müşahidə olunur. Bir çoxları bura partiyalarının rəmzləri ilə və qeyri-adi kostyumlarda gəliblər.
Respublikaçılar Partiyasının qərargahında quraşdırılmış böyük monitorlarda seçkiləri gedişatını izləyən insanlar nəticələri daha emosional şəkildə qarşılayırlar.
Amerika telekanallarının əksəriyyəti hər iki partiyanın qərargahından canlı yayım verir.
Qeyd etmək lazımdır ki, hazırda seçkilərdə hələ ki, respublikaçı namizəd Donald Tramp liderlik edir. O, ilkin hesablamalara görə, kollegiya seçicilərinin 137 səsini, Hillari Klinton isə 104-ü toplayır.
Qeyd edək ki, namizədə qalib gəlmək üçün Seçicilər Kollegiyasının 270 səsi lazımdır.