ABŞ-da nümayişlər səngimir, xəsarət alanlar və saxlanılanlar var - VİDEO

ABŞ-da nümayişlər səngimir, xəsarət alanlar və saxlanılanlar var - VİDEO ABŞ-ın Minneapolis şəhərində polis orqanlarının müvəqqəti saxlanma yerində 46 yaşlı afroamerikalı Corc Floydun ölümünə etiraz olaraq dörd gündür nümayişlər başlayıb.
Digər ölkələr
471
31 May , 2020 16:27
ABŞ-da nümayişlər səngimir, xəsarət alanlar və saxlanılanlar var - VİDEO
Report

ABŞ-ın Minneapolis şəhərində polis orqanlarının müvəqqəti saxlanma yerində 46 yaşlı afroamerikalı Corc Floydun ölümünə etiraz olaraq dörd gündür nümayişlər başlayıb.

"Report"un xüsusi müxbiri xəbər verir ki, aksiyalar Nyu-Yorkdan Koloradoya, Vaşinqtondan Kaliforniyaya qədər bütün ölkə ərazisinə yayılıb. 

Minlərlə nümayişçi Nyu-Yorkun Bruklin və Manhattan əyalətlərində polis idarələrinin qarşısına, eləcə də mərkəzi meydanlar və küçələrə axın ediblər. Onlar əllərində Corc Floydun ölüm əsnasında söylədiyi “nəfəs ala bilmirəm” ifadəsi və polis zorakılığına qarşı şüarların yazıldığı çox sayda plakatlar tutublar. Polis nümayişçilərin mərkəzə doğru irəliləməsinin qarşısını almaq üçün sipər çəkiblər. Ancaq etirazçılar polis maşınlarının şüşələrini sındırıb, atəşə veriblər. Nəticədə polislərlə nümayişçilər arasında qarşıdurma baş verib. Nyu-York polisi 20-dən çox etirazçını həbs edib. Hər iki tərəfdən xəsarət alanlar var. Polis səhər saatlarınadək davam edən nümayişi dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Minneapolis şəhərininin meri Ceykob Frey qarşıdurmanın qarşısını almaq üçün komendant saatı elan etsə də, qərara heç kim məhəl qoymayıb. Hazırda şəhərdə ektiraz aksiyaları davam edir.

Xatırladaq ki, mayın 25-də sosial şəbəkələrdə Corc Floydun saxta əsginaslarla ödəniş etdiyi şübhəsi ilə saxlanılma anının videosu yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və ardından dizini boynuna qoyub. Videoda onun nəfəs ala bilmədiyini dediyi, ancaq polisin buna əhəmiyyət vermədiyi də görünür. Bu hadisədən qısa müddət sonra Corc Floyd təcili yardım maşını ilə xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Afroamerikalının ölümünə səbəb olan polis əməkdaşı Derek Çauvinin əvvəllər 18 dəfə məhkəməyə verildiyi və haqqında çoxsaylı şikayətlərin olduğu ortaya çıxıb.

ABŞ prezidenti Donald Trump Federal Təhqiqatlar Bürosuna (FTB) və Ədliyyə Nazirliyinə Corc Floydun ölümü ilə əlaqədar istintaqı sürətləndirməyi tapşırıb. Hadisənin iştirakçısı olan 4 polis əməkdaşı işdən çıxarılıb, araşdırma aparılır.

Müxbir: Vüsalə Abbasova 

Son xəbərlər

Orphus sistemi