Bakı. 13 mart. REPORT.AZ/ ABŞ-da daha bir Hindistan vətəndaşının mağazası səhvən yandırılıb.
"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, hadisə Florida ştatında qeydə alınıb.
Məlumata görə, hadisə cümə günü baş verib. Belə ki, 64 yaşlı Riçard Lloyd əslən Hindistandan olan vətəndaşı ərəb hesab edərək zibil qutusunu onun mağazasının yanına gətirərək ticarət köşkünə od vurub. O, bunun səbəbini ərəblərin ABŞ-dan getmələrini istəməsi ilə əlaqələndirib.
R.Lloyd polis tərəfindən saxlanılıb. O, hüquq-mühafizə orqanlarına bildirib ki, mağazanın ərəblərə, müsəlmanlara aid olmasına əmindir. Florida sakini qeyd edib ki, o, Yaxın Şərqdə baş verənlərdən hiddətlənib.
R.Lloyd bunu "Amerika naminə" etdiyini vurğulayıb. Xoşbəxtlikdən alovun qarşısını vaxtında almaq mümkün olub.
Qeyd edək ki, hadisə son vaxtlar ABŞ-da bu qəbildən olan növbəti olaylardan biridir.