ABŞ Prezidenti Cozef Bayden Çinin texnoloji sənayesinə sərmayəni məhdudlaşdırmaq üçün fərman imzalayıb.
"Report" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumatda deyilir.
Sərəncam ABŞ lideri tərəfindən kəşfiyyat, müşahidə və ya kiberməkanda vasitə kimi məxfi texnologiyalar yaratmaq istəyən dövlətlər tərəfindən ölkənin milli təhlükəsizliyinə yaranan təhdidlərə cavab vermək məqsədilə imzalanıb.
Sənədə əsasən, maliyyə naziri Çin yarımkeçiriciləri, mikroelektronika, kvant informasiya texnologiyaları və fərdi süni intellekt sistemlərinə sərmayəni tənzimləyə biləcək.
Bundan əvvəl ABŞ-da Çin mallarının alışının kəskin azaldığı məlum olub. Son beş ayda idxalın 24 faiz azalması iki dövlət arasında münasibətlərin gərginləşməsi ilə izah olunur.