Bakı. 19 sentyabr. REPORT.AZ/ Pentaqonda Şimali Koreya böhranının müxtəlif aspektlərinin fəal müzakirələri davam etdirilir.
"Report"un "The Washington Post" qəzetinə istinadən verdiyi məlumata görə, Pentaqon başçısı Ceyms Mettis qeyd edib ki, Cənubi Koreyada nüvə silahının yerləşdirilməsi imkanı müzakirə olunur.
O bildirib ki, Cənubi Koreyanın müdafiə naziri Son Yun Mu ilə söhbətində bu mövzuya toxunub.
Bundan əvvəl C.Mettis demişdi ki, KXDR-ın nüvə fəallığının qarşısını almaq üçün ABŞ və digər ölkələrin yeritdiyi sanksiyalar effekt vermir. Eyni zamanda ABŞ-ın BMT yanında daimi nümayəndəsi Nikki Heyli münaqişənin həllinin Pentaqonun öhdəsinə buraxılmasını təklif edib.
Xatırladaq ki, ABŞ 1990-cı illərin əvvəllərində soyuq müharibədən sonra nüvə silahını Cənubi Koreya ərazisindən çıxarmışdı.