ABŞ, Avropa İttifaqı və NATO Əfqanıstanda şiddətin artmasından və “Taliban” hərəkatının hücumlarından narahatdır, ölkədə əhatəli sülh prosesini dəstəkləyir.
“Report” xəbər verir ki, bu, ABŞ, Aİ, NATO, Fransa, Almaniya, İtaliya, Norveç və İngiltərə tərəfindən qəbul edilən ABŞ-Avropa kommyunikesində bildirilir.
Sənəd bu ölkələrin, beynəlxalq strukturların xüsusi nümayəndələri və xüsusi elçilərinin 22 iyul tarixində Romada keçirilən görüşündən sonra qəbul edilib. Eyni zamanda, iştirakçılar Əfqanıstandakı hərtərəfli sülhün əldə edilməsi üçün üçüncü tərəflərin vasitəçiliyini dəstəklədiklərini də qeyd ediblər.
ABŞ və Avropa ölkələri Əfqanıstandakı tərəfləri bu ölkədəki xarici diplomatik nümayəndəliklərin, hava limanlarının, qeyri-hökumət təşkilatlarının və medianın təhlükəsizliyini təmin etməyə çağırıblar.