Yuxarı

ABŞ İŞİD-in Suriyadakı mövqelərinə hava zərbələri endirməyə başlayıb

Əməliyyatda qırıcı və bombardmançı təyyarələrdən və Tomahawk raketlərindən istifadə olunub

Bakı. 23 sentyabr. REPORT.AZ/ ABŞ və tərəfdaş ölkələr "İslam dövləti" qruplaşmasının Suriyadakı mövqelərinə hava zərbələri endirməyə başlayıblar. "Report" Reuters agentliyinə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Pentaqon açıqlayıb.

"Mən təsdiq edə bilərəm ki, Amerika hərbçiləri və tərəfdaş ölkələrin qüvvələri qırıcı və bombardmançı təyyarələrdən və Tomahawk raketlərindən istifadə edərək, Suriyadakı İŞİD terrorçularına qarşı hərbi əməliyyatlara başlayıblar" - deyə, Pentaqonun mətbuat katibi kontr-admiral Con Kirbi qeyd edib. "Bu əməliyyatların hazırda davam etməsini nəzərə alaraq, biz bu barədə ətraflı məlumat verə bilmərik" - deyə, Con Kirbi əlavə edib. 

ABŞ prezidenti Barak Obama sentyabr ayının 11-də İŞİD terror təşkilatına qarşı yeni mübarizə strategiyasını təqdim edib. Obama bəyan edib ki, Amerika qoşunlarını İraqa yeritməyəcək, bunun əvəzində ABŞ Hərbi Hava Qüvvələri hava zərbələrinin intensivliyini gücləndirəcək.  O bildirib ki, Vaşinqton Suriya və İraqda terrorçularla mübarizədə geniş koalisiya yaratmaq və ona rəhbərlik etmək niyyətindədir.

"İslam dövləti" (İŞİD) terror qruplaşması Suriya ərazisində hökumət qüvvələrinə qarşı gedən əməliyyatlar zamanı güclənib. Bir neçə ay əvvəl İŞİD İraqın şimal və şimal-qərb regionlarına hücum edib və geniş ərazini zəbt edərək, burada "islam xilafəti"nin "yaradıldığını" elan edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi