Bakı. 29 mart. REPORT.AZ/ 70-dən artıq almaniyalı qadın ekstremist qruplaşmalara qoşulmaq üçün Suriya və İraqa gedib.
"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə Konstitusiyanın Müdafiəsi üzrə Federal İdarənin rəhbəri (BFF - Almaniya əks-kəşfiyyat idarəsi) Hans-Georq Maassen bildirib.
Onun sözlərinə görə, bu qadınların 40%-nin yaşı 25-dən aşağıdır, 9 nəfəri isə yetkinlik yaşına çatmayıb.
H.Maassen qeyd edib ki, İŞİD qruplaşması daha çox qadınlar arasında təbliğat aparır: "İŞİD üzvləri gənc qızlarla məqsədyönlü əlaqə saxlayır və onları qaynar nöqtələrə getməyə təhrik edir. Sosial şəbəkələrdə həmin yerlərdə həyatın romantik təsvirləri ilə gündəliklər mövcuddur".
Almaniya əks-kəşfiyyat idarəsinin məlumatına əsasən, Almaniyadan Suriya və İraqa ekstremist qruplaşmaların sıralarında döyüşməyə gedənlərin sayı 650 nəfər təşkil edir.