Yeganə Salman: "İsrail xalqı daim Azərbaycanın haqq işini dəstəkləyəcək"

Yeganə Salman: "İsrail xalqı daim Azərbaycanın haqq işini dəstəkləyəcək" "Həmin ağacların əkildiyi əraziyə o vaxtdan el arasında Xocalı parkı deyirlər"
Diaspor
26 Fevral , 2021 11:00
Yeganə Salman: İsrail xalqı daim Azərbaycanın haqq işini dəstəkləyəcək
Yeganə Salman

“İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası (AZİZ) yanında Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman təşkilatdakı silahdaşları kimi, Azərbaycanı təbliğ etməyi, ölkəmizin zəngin mədəniyyətini, qədim tarixini, müasir inkişafını geniş tanıtdırmağı öz vəzifəsi hesab edir. Həmçinin hər iki ölkənin mənafeyi naminə çalışmağı da lazım bilir.

“Report”a verdiyi müsahibəsində Yeganə xanım Azİs-in başqa ölkələrdəki diaspor təşkilatlarından fərqləri, Xocalı soyqırımı gününün bu il İsraildə necə qeyd olunması və başqa məsələlərə dair fikirlərini bölüşüb.

- Bir neçə il əvvəl AZİZ üzvləri Bakıdan gələn qonaqlarla birgə Yerusəlimlə Təl-Əviv arasında yerləşən Tzora Prezident Meşəsində Xocalıda qətlə yetirilmiş günahsiz insanların şərəfinə 613 ağac əkmişdilər. Bəs bu il İsraildəki soydaşlarımız kədərli 26 fevral gününü hansı tədbirlərlə qarşılayırlar?

- Həmin ağacların əkildiyi əraziyə o vaxtdan el arasında Xocalı parkı deyirlər. Orada qurulmuş lövhə üzərində həm ibrani, həm də Azərbaycan dilində “Azərbaycanın Xocalı şəhərindəki 613 qurbanın xatirəsi” yazılıb. Qeyd edim ki, İsrailin birinci prezidenti Xaim Veizmanın şərəfinə salınmış Prezident Meşəsini ölkənin qonaqları tez-tez ziyarət edir. Həmin yerdə AZİZ hər il Xocalı qurbanlarının xatirəsinin yad edildiyi görüşlər keçirir. Ötən il 6 noyabr tarixində burada hamımız toplaşaraq Azərbaycan xalqının və ordusunun öz torpaqlarında apardıqları azadlıq müharibəsinə dəstəyimizi ifadə etdik. Natiqlər bildirdilər ki, İsrail xalqı bundan sonra da Azərbaycanı haqq işində dəstəkləyəcək. O yer erməni işğalçılarının 1992-ci ildə törətdikləri dəhşətli cinayəti İsrail sakinlərinə də, qonaqlarına da xatırladır. Xocalı qurbanlarının xatirəsi üçün hər il həm bizim yoldaşların, həm də Knesset üzvlərinin, şəhər bələdiyyə rəhbərlərinin, əcnəbi alimlərin iştirak etdikləri konfranslar, fotosərgiləri keçiririk. Azərbaycanın o kiçik şəhərində baş verənlərin bəşəriyyətin yaddaşına həkk olunması üçün keçirdiyimiz tədbirlərdə mümkün qədər çox insdanın iştirak etməsinə çalışırıq.

Bu il pandemiya üzündən bütün tədbirlərimiz onlayn formatda keçirilir. Məsələn, fevralın 24-dən başlayan zoom konfransında bizim üzvlərimizlə yanaşı, icra hakimiyyəti, ictimai təşkilatların nümayəndələri iştirak edir. Həmin vebinar çərçivəsində litvalı telejurnalistlər Aleks Brokas və Ricard Lapaytis tərəfindən Xocalı hadisələrinə həsr olunmuş “Sonsuz dəhliz” adlı sənədli film “YouTube” vasitəsilə nümayiş olundu. Həmçinin “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində hər il keçirdiyimiz tədbirlərin görüntüləri son dörd gündür yayımlanır. Azərbaycandan ictimai təşkilatların nümayəndələri, millət vəkiləri gələcəklər. Xocalı hadisələri haqqında azərbaycanlı və əcnəbi müəlliflərin kitablarını da tanıtdırırıq. Bunlar arasında Rövşən Mustafayevin “Ölüm tanqosu” (rus, ingilis, ibrani dillərində), David Konun “Qarabağ tələsi” (ingilis dilində), Yefim Abramov, Leyla Bəyimin “Qar çiçəyi” (rus, ingilis, çex dillərində), Günel Anarqızı, Leyla Bəyimin “Ağı” kitabları var. Videodisklər vasitəsilə elm və siyasət adamlarının, hər iki ölkənin millət vəkillərinin mövzuya dair nitqləri yayılır.

- AZİZ diaspor təşkilatının fərqi, hətta nadir cəhəti üzvlərinin əksəriyyətinin azərbaycanlı yox, Azərbaycanda doğulub yaşamış yəhudilər olmasıdır. Bunun səbəbini nədə görürsünüz? Bu fərqli cəhət AZİZ-in fəaliyyətində necə əks olunur?

- Bəli, bizim təşkilat, doğrudan da, özünəməxsusdur. Üzvlərimiz arasında İsrail vətəndaşı olan, dədə-babalarının yaşadıqları Azərbaycanın da xatirəsini qoruyub yaşadan bir çox yəhudilər var ki, Azərbaycan mədəniyyətini, tarixini, həyat tərzini geniş təbliğ edirlər. Bunun səbəbi nədir? Bu suala cavab vermək üçün xeyli tədqiqat aparılmalıdır. Amma ilk yadıma düşən izahını verən Bakı tarixinin tanınmış tədqiqatçısı Fuad Axundov Azərbaycan əsilli yəhudilər haqqında belə deyib: onlar Azərbaycanda yaşamağın mənfi hisslər yükünü daşımır. Çox düzgün fikirdir. Yəhudilər orada rahat yaşayıb. Çünki Azərbaycanda həqiqi tolerantlıq mühiti vardı. Odur ki, Azərbaycandan gələn yəhudilərin qəlbində gözəl xatirələr, minnətdarlıq duyğuları qalıb. Qarabağ həqiqətlərini də kiməsə rəğbət bəslədiklərinə görə yox, sırf haqq-ədalət naminə çatdırmağa çalışırlar. Çünki kimin haqlı olduğunu dəqiq bilirlər. Həm də çoxları hadisələrin canlı şahidi olub və gördüklərini də dünyaya çatdırmağa çalışırlar. Təbii ki, qarışıq nikahların da olması mühüm amildir, belə ailələrin övladları tarixi vətənlərini unutmur və daim təəssübünü çəkirlər. Bununla yanaşı, bir çox ölkələrdə olduğu kimi burada da erməni diasporu Qarabağ münaqişəsilə bağlı öz nöqteyi-nəzərini ictimaiyyətə sırımağa çalışır. Ona görə də azərbaycanlı yəhudilər (təəssüf ki, çoxları Gürcüstan, Polşa və s. yəhudilərindən fərqli olaraq özlərini Qafqaz yəhudisi kimi təqdim edir) bu kimi ehkamları dağıtmaq üçün geniş fəaliyyət göstərirlər. Beləliklə, Azərbaycan əsilli yəhudilərdə vaxtilə Azərbaycanda gördükləri mehribanlığın haqqını vermək istəyi göz qabağındadır.

- İkinci Qarabağ müharibəsi günlərində bizim ölkədə dost ölkə olan İsrailin bayrağını da Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı görmək olardı. Həmin o 44 gün siz Azərbaycan əsillilər üçün necə keçdi?

- Hamımız televizor qarşısından ayrılmadan xəbər gözləyirdik. Təbii ki, hamımız Azərbaycan kanallarına da baxdığımız üçün elə sizin kimi ekran qarşısından çəkilmirdik. Hər qələbə xəbərini sevinclə, iftixar hissilə qarşılayırdıq. Və Qarabağ münaqişəsinə həsr olunan hər tədbiri “Gələn il Şuşada görüşərik” sözlərilə başa vururduq. Bu sözlər hələ Yerusəlim romalılar tərəfindən qarət olunandan sonra dünyaya səpələnmiş yəhudilər arasında adət olmuş “gələn il Yerusəlimdə görüşərik” diləyinin bənzəri olan bu sözlərdə Ermənistanın işğal etdiyi torpaqlarımızın qaytarılacağına inamı itirməməyin vacibliyi əks olunur. Nəhayət, o arzularımız çin oldu!

Adətən İsrail KİV-ləri xaricdə baş verənlərə o qədər diqqət yetirmirlər. Bu da, görünür, ölkənin daxili siyasət həyatının qaynar olmasından irəli gəlir. İkinci Qarabağ müharibəsi isə işıqlandırılırdı, özü də İsrail və Türkiyənin Azərbaycanı dəstəklədikləri qeyd olunurdu. Əhalinin müəyyən qismində bu birmənalı qarşılanmadı, çünki yarandığı gündən İsrailin qonşu müsəlman ölkələrilə müharibə vəziyyətində yaşamalı olduğu üçün indi müsəlman ölkəsini dəstəklədiyimizi başa düşməkdə çətinlik çəkirdilər. Həm də erməni təbliğatının bu münaqişənin mahiyətini təhrif etməsi təsirsiz ötüşmədi. Digər tərəfdən, siyasətdən azca baş çıxaranlar Azərbaycanı həm geosiyasi, həm də iqtisadi amillər baxımdan niyə dəstəklədiyimizi aydın başa düşürlər. Hələ Birinci Qarabağ müharibəsi dövründə o vaxtkı baş nazir İtskax Şamir müşavirlərindən biri, Bakı yəhudisi Aleks Vekslerdən soruşur: “Mənə bax, orada nələr baş verir? Sən orada yaşamış adam kimi danış görüm”. Veksler də Azərbaycanla Ermənistanda yəhudilərin vəziyyətini müqayisəli şəkildə izah edərək Ermənistanda yəhudilər üçün ən yaxşı vaxtlarda belə sayları min nəfərdən artıq olmadığını, Azərbaycanda isə on minlərlə yəhudinin yaşadığını bildirib, Bakıda ailəliklə yaşadığı illərin təəssüratını bölüşür. Onda Şamir belə deyir: “Yəhudilərə belə gözəl münasibət olduğu ölkə ilə dost olmalı, onları dəstəkləməliyik”. Belə ki, hər hansı ölkədə yəhudilərə olan münasibət İsrail üçün bir nömrəli amildir.

- Amma İsraildə ölkəmizə bu cür münasibətin olmasında Sizin də təşkilatın əməyi az deyil, yəqin ki...

Hər halda iki xalq və dövlət arasında münasibətlərin günü-gündən inkişaf etməsi, daha da genişlənməsi üçün əlimizdən gələni edirik. İstərdik ki, Azərbaycanı başqaları da elə Azərbaycan əsillilər kimi sevsinlər.

Son xəbərlər

Orphus sistemi