Ukraynada yaşayan azərbaycanlılar da Orduya qatılmaq üçün kütləvi sürətdə müraciətə başlayıblar

Ukraynada yaşayan azərbaycanlılar da Orduya qatılmaq üçün kütləvi sürətdə müraciətə başlayıblar "Qarabağ bizim şərəf məsələmizdir"
Diaspor
17 İyul , 2020 14:44
Ukraynada yaşayan azərbaycanlılar da Orduya qatılmaq üçün kütləvi sürətdə müraciətə başlayıblar

İyulun 12-dən Azərbayacan-Ermənistan sərhədində, Tovuz istiqamətində baş verən döyüşlərdən sonra Ukraynada yaşayan azərbaycanlılar da döyüşdə könüllü şəkildə iştirak etmək üçün kütləvi sürətdə müraciətə başlayıblar.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri, hüquq üzrə elmlər doktoru Hikmət Cavadov "Report"a bildirib ki, Prezident İlham Əliyevin çağırışından sonra həmyerlilərimiz təşkilata müraciət ediblər:

“Artıq siyahıyaalma başlayıb. Siyahının ilk pilləsində mənim adımdır. Qarabağ bizim şərəf məsələmizdir. Ona görə də həmyerlilərimiz bu məsələdə prinsipial mövqe nümayiş etdirirlər. Siyahı hazır olduqdan sonra Diasporla iş üzrə Dövlət Komitəsinin xətti ilə aidiyyatı qurumlara təqdim ediləcək. Bütün dünyadakı azərbaycanlılar Qarabağ uğrunda döyüşə hazır olmalıdırlar".

Xatırladaq ki, prezident İlham Əliyev bir neçə gün öncə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında könüllü döyüşmək istəyənlərə çağırış edib.

“Qarabağda vuruşmaq istəyirəm” deyənlər hamısı getsin öz anket məlumatını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə versin. Öz ünvanını versin, orduda xidmət etmə haqqında öz arzusunu ifadə etsin və biz lazım olan vaxtda onları cəlb edəcəyik!”.

Dövlət başçısının bu çağırışdan sonra minlərlə insan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq idarələrində qeydiyyatdan keçib. Onların arasında nazir övladları, tanınmış ictimai xadimlər, sənət adamları da var.

Son xəbərlər

Orphus sistemi