Ukrayna azərbaycanlıları Krivoy-Roqa toplanıb

Ukrayna azərbaycanlıları Krivoy-Roqa toplanıb
Diaspor
487
4 Oktyabr , 2018 15:36
Ukrayna azərbaycanlıları Krivoy-Roqa toplanıb
0 : 00
0 : 00

Bakı. 4 oktyabr. REPORT.AZ/ Ukraynanın Krivoy-Roq şəhərində baş tutan “Vahid Ukrayna-Mənim Ukraynam” adlı 8-ci ümummilli festivala azərbaycanlılar da qatılıb. 

Ukrayna Millətlər Assambleyasının (UMA) prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyevin "Report"a verdiyi məlumata görə, festivalın təşkilatçıları arasında onun təmsil etdiyi təşkilatın şəhər nümayəndəliyi də olub. 

Şəhər rəhbərliyinin, xarici ölkə diplomatlarının, deputatların, ictimai xadimlərin, etnik xalqların nümayəndələrinin iştirak etdiyi festivalda azərbaycanlılardan Rövşən Tağıyev, BUAK nümayəndələri Nəcəf Əhmədov, Qüdrət Hacıyev, Qurban Abbasov, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UABD) nümayndələri - Eldar Tağıyev, Sərxoş İsmayılov və digərləri iştirak ediblər.

Rövşən Tağıyev şəhər meri Yuriy Vilkula millətlər adından fəxri diplom da təqdim edib. 

Festival ilə yanaşı Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Krivoy-Roq üzrə ofisinin açılışı olub, konqresin şəhər üzrə yeni sədri və sədr müavini seçilib. Konqresin şəhər üzrə sədri iş adamı, tanınmış idmançı Rəmzi Rzayev, sədr müavini isə iş adamı Ramazan Mahmudov seçilib. Seçimlə bağlı təşkil olunan toplantıda R.Tağıyev bildirib ki, son vaxtlar Ukraynada Azərbaycan diaspor təşkilatlarının birləşdirilməsi işləri uğurla davam edir: “Bu gün burada azərbaycanlıların birlik halında təmsil olunması da bunun bariz nümunəsidir”.

Şəhər üzrə yeni sədr R.Rzayev də bölgədəki bütün azərbaycanlıları birliyə çağırıb.

Toplantılarda UABD-nin Krivoy-Roq üzrə sədri Nahid Zeynalov da iştirak edib. 

Qeyd edək ki, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun bu ilin iyun ayında Kiyevə səfəri zamanı BUAK sədri Rövşən Tağıyev, UABD sədri Hikmət Cavadov və daha bir neçə təşkilatlar arasında birlik elan olunub, təşkilatlar arasında Ukrayna Azərbaycanlıları Şurasının yaradılması istiqamətində İşçi Qrup təsis olunub.

Mübariz Aslanov

Son xəbərlər

Orphus sistemi