Seyfəddin Qurbanov: “Əsərlərim dünyanı daha yaxşı edənlərə təşəkkürdür”

Seyfəddin Qurbanov: “Əsərlərim dünyanı daha yaxşı edənlərə təşəkkürdür” "Düzü, xəyal qurmağa vaxt yoxdur"
Diaspor
196
27 Mart , 2021 14:54
Seyfəddin Qurbanov: “Əsərlərim dünyanı daha yaxşı edənlərə təşəkkürdür”

Azərbaycanın əməkdar rəssamı, Ukraynanın xalq rəssamı, “Qızıl yaquar”, “Avropa keyfiyyəti”, “Ən yüksək əyar”, “Qızıl merkuri”, “1000 illik”, “Sokrat” kimi dövlət və beynəlxalq mükafatların laureatı Seyfəddin Qurbanov 30 ildən çoxdur Ukraynada yaşayır. Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasında Heykəltəraşlıq kafedrasının müdiri işləyən soydaşımızın əsərləri yalnız fəxri vətəndaşı olduğu Xarkovda deyil, həm də müxtəlif ölkələrin şəhərlərində mövcuddur. Məşhur heykəltəraş “Report”a müsahibəsində Ukraynada yaşamasından, onun üçün vətən anlayışının arxasında nəyin dayandığından və bunun onun işində özünü necə göstərdiydən danışıb.

- Ukrayna sizin üçün ikinci vətən olub. Ancaq çoxsaylı əsərləriniz, Xarkovda Azərbaycan Mədəniyyəti Mərkəzini yaratmağınız Azərbaycanın sizin üçün birinci yerdə qaldığını göstərir. Etnik kimliyinizi necə qoruya bilmisiniz?

- Ukraynaya, Xarkova 20-dən bir qədər çox yaşım olanda, gənc ikən gəlmişəm. Burada, demək olar ki, heykəltəraş kimi yetişdim, burada ilk əsərlərimi yaratdım, burada peşəkar oldum, nüfuz qazandım. Bir sözlə, rəssam və insan kimi yetişdim. Buna görə də Xarkov mənim həyatımda çox şey deməkdir. Ancaq Azərbaycan mənim üçün Vətəndir, doğulduğum yerdir, doğmalarım - anam, bacılarım, dostlarımdır. Buna görə mənə həyat verən torpağa aid olma hisslərimi qorumaq üçün xüsusi nəsə eləməmişəm. Hər şey insanın şəxsiyyətindən, onun köklərini xatırlayıb-xatırlamamasından, xalqının dilini, ənənələrini və mədəniyyətini sevib-sevməməsindən asılıdır. Sizinlə ikimizin də səlis danışdığı rus dilində söhbətləşə bilərdik. Ancaq Azərbaycan dilində danışmaq mənim üçün xoşdur, mənə bütün dillərdən daha əzizdir.

Aydındır ki, başqa ölkədə, digər millətlərin nümayəndələri arasında yaşayarkən asanlıqla assimilyasiya olunmaq, ətrafınızdakı hər kəs kimi ola bilərsiniz. Ancaq o zaman bu, mən olmazdım. Burada özümü başqalarını Azərbaycanın mədəniyyəti, ecazkar şəxsiyyətləri ilə tanış etmək vəzifəsi həvalə edilmiş Vətənimin nümayəndəsi kimi hiss edirəm. Məhz bu səbəbdən il yarım əvvəl Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü rəhbərlik etdiyim Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı oldu. Orada sərgi salonu və qalereya var. Tez-tez oraya toplaşır, sərgilər, konsertlər və digər tədbirlər keçiririk. Hələ onun yaradılması ideyası ortaya çıxanda bu mərkəzin əsl sənət evinə çevriləcəyindən əmin idim. Elə belə də oldu, buna görə çox xoşbəxtəm. İndi onun genişləndirilməsi üçün işlər aparılır, 30 hektarlıq böyük ərazidə heykəllər parkı da yaradılır.

Biz Xarkovun mərkəzində, erməni diasporu icmasının yanında yerləşirik, bu da başa düşdüyünüz kimi, Azərbaycan Evinin necə görünməsi ilə bağlı müəyyən tələblər qoyur. Ancaq bunun öhdəsindən gəldik. Vətəndən, xaricdən gələn qonaqlar, ukraynalı turistlər gördüklərinə heyran qalırlar və bu, məndə böyük məmnunluq yaradır. Çünki təvazökarlıqdan uzaq olsa da, deməliyəm, mənim üçün əsas məqsəd Azərbaycanın adını ucaltmaq, onun bütün dünyada daha çox dostunun olması, Azərbaycanla Ukrayna arasındakı əlaqələrin həm dövlət, həm də insanlararası səviyyədə hər gün daha da güclənməsi üçün hər şeyi etməkdir

- Heykəllərinizin çoxu tarixdə, sənətdə, elmdə xüsusi yer tutan insanlara, müharibə qəhrəmanlarına həsr edilib. Bu nə ilə – onların istedadlarına heyran olmaq, insanlara ideal vermək istəyi və ya başqa bir səbəb ilə bağlıdır?

- Təkcə qəhrəmanlarımın adını çəksəm, bir səhifədən çox edər, amma yenə də əsaslarının adlarını çəkəcəyəm. Lyublyanada (Sloveniya) Nizami abidəsi. O həm də qoyulduğu parkda hər il “Dünya ilə birgə böyüyən kitablar” layihəsinin həyata keçirilməsi ilə diqqət çəkir. Sloveniyanın bir başqa şəhəri Mariborda başqa əsərim - Sovet İttifaqı və Sloveniya Qəhrəmanı, Azərbaycanın qəhrəman oğlu Mehdi Hüseynzadənin abidəsi var. Ukraynanın paytaxtı - Kiyevdə üç əsərim yerləşir. Bunlar Azərbaycan şairi və mütəfəkkiri İmaməddin Nəsiminin, SSRİ Xalq artisti Müslüm Maqomayevin və ecazkar Azərbaycan şairi Səməd Vurğunun abidələridir. Həmçinin Kiyev vilayətində yerləşən İrpen şəhərində dünyaca ünlü görkəmli alim-oftalmoloq, akademik Zərifə Əliyevanın büstünün müəllifiyəm. Qürur duyduğum əsərlərdən biri də Azərbaycanın Kiyevdəki səfirliyində quraşdırılmış ulu öndər Heydər Əliyevin büstüdür. Bunlar xalqımızın qürur duyduğu şəxsiyyətlərdir və düşünürəm ki, onların heykəl obrazlarının başqa şəhərlərdə və ölkələrdə də olması təkcə onların yaradıcılıqlarına deyil, bütövlükdə Azərbaycana marağı artıracaq. Bu, yaratdığım əsərin yalnız kiçik hissəsidir.

İkinci vətənim - Ukraynanın görkəmli şəxsiyyətlərinə həsr olunmuş əsərlər də var. Vinnitsa vilayətinin Voytovka kəndində mənim əl işim olan Taras Şevçenkonun abidə ucaldılıb. Poltava vilayətinin Kobelyaki şəhərində isə məşhur həkim, sınıqçı-çıxıqçı kimi də tanınan Nikolay Kasyanın abidəsi var. Akademik Pavlov prospektində Aleksandr Nevskinin bürünc fiquru var, Xarkov Dövlət Texniki İnşaat və Memarlıq Universitetinin girişinin qarşısında tələbələri memar Beketov qarşılayır. Pedaqoji Universitet üçün ilk müəllim abidəsini, Əczaçılıq Universiteti üçün “Əsrlərdə əczaçılıq” heykəltəraşlıq kompozisiyasını hazırlamışam.

- Bəs belə desək, Ukrayna və Azərbaycan xalqlarını birləşdirən işləriniz varmı?

- Azərbaycanda Birinci Qarabağ müharibəsinin milliyyətcə ukraynalı olan iki qəhrəmanı – Azərbaycanın Milli Qəhrəmanları Viktor Seryogin və Ruslan Polovinkanı yaxşı tanıyırlar. Hər iki pilot tapşırıq yerinə yetirərkən şəhid olub: biri Şuşa şəhərindən mülki şəxsləri çıxarmaq istəyərkən, digəri isə döyüş tapşırıqlarından sonra ölən və yaralıları döyüş meydanından çıxararkən. Onların xatirəsinə vətənlərində xatirə lövhələri hazırlanıb.

Haqqında danışdığım şəxslərin obrazları üzərində iş nə ilə əlaqədardır? Düşünürəm ki, bu, həm sualınıza cavabdır, həm də dünyanı daha yaxşı edənlərə təşəkkürdür.

- Yaradıcı insandan planları və xəyalları barədə soruşmamaq olmaz.

- Düzü, xəyal qurmağa vaxt yoxdur. Mən fəaliyyət göstərən adamam. Düşündüm, edirəm. İndi iddialı layihə üzərində çalışıram. Avqustun 22-də Şəhər Günündə Xarkovun mərkəzində Şəhər Şurası binasının qarşısındakı parkda üç xalqın - Ukrayna, Azərbaycan və Qazaxıstan xalqlarının dostluğunun rəmzi olaraq mənim kompozisiyam sərgilənəcək: bu üç xalqın dahi oğullarının - Qriqori Skovoroda, Nizami Gəncəvi və Abay Kunanbayevin heykəlləri nümayiş olunacaq. Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi uğrunda aparılmış və qələbə ilə yekunlaşmış müharibə isə şəhid olanların xatirəsinə də bir şey etmək arzusu oyadır.

Eleonora Abasquliyeva

Son xəbərlər

Orphus sistemi