​Məşhur diplomat Henri Kissincer Bakıya gələcək

​Məşhur diplomat Henri Kissincer Bakıya gələcək O, III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edəcək
Diaspor
8 Aprel , 2015 11:23
​Məşhur diplomat Henri Kissincer Bakıya gələcək

Bakı. 8 aprel. REPORT.AZ/ Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət xadimi, XX əsr ABŞ xarici siyasətinin əsas strateqlərindən biri, beynəlxalq münasibətlər üzrə diplomat və ekspert Henri Kissincer III Qlobal Açıq Cəmiyətlər Forumunda iştirak etmək üçün aprel ayının sonunda Azərbaycana gələcək.

Bu barədə “Report”a Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən bildirilib.

Henri Kissencerin “Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusuna həsr olunan beynəlxalq forumun açılış sessiyasında çıxışı planlaşdırılıb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəxri üzvü, 2014-cü ildə Mərkəzin xüsusi Qızıl medalı ilə təltif olunub.

H.Kissincer ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri (1973-1977), keçmiş dövlət katibi, Nobel sülh mükafatı laureatıdır. ABŞ-ın müasir xarici siyasətinin formalaşmasında mühüm rola malik H.Kissincer ABŞ-SSRİ münasibətlərinin yeni müstəviyə keçməsinin təşəbbüskarı və icraçısı, ölkəsinin Çin Xalq Respublikası ilə münasibətlərinin əsasını qoyan, Vyetnam müharibəsini bitirən Paris sülh müqaviləsini imzalayan siyasətçi kimi tarixə düşüb. H.Kissincer hazırda “Kissenger Associates” beynəlxalq konsaltinq firmasının rəhbəridir.

Xatırladaq ki, III Qlobal Açıq Cəmiyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən aprelin 28-30-da Bakıda keçiriləcək. Forumda 75 ölkədən 350-dək yüksək səviyyəli dövlət xadimi, siyasətçi, ekspert və alimin iştirakı nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi