Larisa Sveçina: “Azərbaycan tarix boyu müxtəlif sivilizasiyaların qovuşduğu məkan olub”

Larisa Sveçina: “Azərbaycan tarix boyu müxtəlif sivilizasiyaların qovuşduğu məkan olub” ABŞ-ın Florida ştatının Mayami şəhərində 8 noyabr Zəfər Günü və 9 noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.
Diaspor
140
12 Noyabr , 2021 08:44
Larisa Sveçina: “Azərbaycan tarix boyu müxtəlif sivilizasiyaların qovuşduğu məkan olub”

ABŞ-ın Florida ştatının Mayami şəhərində 8 noyabr Zəfər Günü və 9 noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Florida–Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Komitənin sədri Fuad Muradov, Türkiyənin Mayamidəki Baş konsulu Burç Ceylan, Azərbaycanın Vaşinqtondakı səfirliyinin diplomatları - Mahmud Mahmudov, Toğrul Əliyev, Florida ştatının Sanni Ayls Biç (Sunny Isles Beach) şəhərinin meri Larisa Sveçina və şəhər administrasiyasından Kris Russo, Dana Qoldman, Aleks Lama, Floridada fəaliyyət göstərən Azərbaycan, türk və yəhudi icmalarının fəalları iştirak ediblər.

Tədbir Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Florida-Azərbaycan Cəmiyyətinin rəhbəri Esmira Bayramova qonaqlara Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa yaşatdığı Qarabağ sevincindən, Azərbaycan Ordusunun müharibədəki şücaətindən bəhs edib. Sonra qonaqlar tarixi qələbəmizdən bəhs edən film izləyiblər.

Tədbirdə çıxış edən F.Muradov Azərbaycan tarixinin ən parlaq səhifəsi olan Vətən müharibəsindən bəhs edib, həmin dövrdə Azərbaycan xalqının lideri, müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mübarizliyini nümayiş etdirdiyini deyib. Komitə sədri Vətən müharibəsi dönəmində Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq naminə nümayiş etdirdikləri birlik, həmrəylik fəaliyyətlərinə görə Florida ştatında yaşayan diaspor fəallarına minnətdarlığını bildirib. F.Muradov ştat rəhbərliyinin Azərbaycan icmasının ilə sıx əlaqədə olduğunu gördüyü üçün sevinc hiss keçirdiyini deyib.

Tədbirdə çıxış edən B.Ceylan görkəmli dövlət xadimi Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarını xatırladaraq, dünya azərbaycanlılarını Zəfər Günü münasibətilə təbrik edib. O, Qarabağın hər zaman Azərbaycana məxsus olduğunu, Mayami şəhərində yerləşən Türkiyə Baş konsulluğunun binasında Azərbaycan və Türkiyənin dövlət bayraqlarının qoşa dalğalandığını və bu birliyin əbədi olacağını bildirib.

Çıxışında özünü Azərbaycanın dostu adlandıran Florida ştatının Sanni Ayls Biç (Sunny Isles Beach) şəhərinin meri Larisa Sveçina Dağlıq Qarabağ münaqişəsini hər zaman narahatlıqla və kədərlə izlədiyini, amma atəşkəs razılaşmasının əldə olunması xəbərini eşidəndə sevinc hissi keçirdiyini deyib: “Sevinc hissi ilə gözəl Azərbaycan icmasını təbrik edirəm. Filmdə Azərbaycanın nə qədər gözəl bir ölkə olduğunu izlədim. Bilirdim ki, tarix boyu Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olub. Azərbaycan həm də, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyardır. Meri olduğum şəhərin Azərbaycan icmasına ev sahibliyi etməsindən qürur hiss keçirirəm”.

Tədbirin sonunda qonaqlara Azərbaycanın müxtəlif guşələrinin, tarixi məkanlarının simvolu olan hədiyyələr təqdim olunub. Azərbaycanın milli musiqiləri ifa edilib, qonaqlar birlik və həmrəylik rəmzi olan "Yallı" rəqsini oynayıblar.

Son xəbərlər

Orphus sistemi