Kəmalə Yanson: "Avropada Azərbaycan-İsveç Dram Teatrının olması böyük uğurdur" - MÜSAHİBƏ

Kəmalə Yanson: "Avropada Azərbaycan-İsveç Dram Teatrının olması böyük uğurdur" - MÜSAHİBƏ Azərbaycan - İsveç milli geyim və folklor təşkilatının sədri Kəmalə Yanson "Report"a müsahibə verib.
Diaspor
10 İyul , 2020 16:31
Kəmalə Yanson: Avropada Azərbaycan-İsveç Dram Teatrının olması böyük uğurdur - MÜSAHİBƏ

Azərbaycan - İsveç milli geyim və folklor təşkilatının sədri Kəmalə Yanson "Report"a müsahibə verib.

- Səhv etmirəmsə siz İsveç vətəndaşı ilə ailə həyatı qurmusunuz. Neçə ildir İsveçdə yaşayırsınız?

- Bəli, həyat yoldaşım isveçlidir. Artıq on ildir ki, bu ölkədə yaşayıram.

- Qürbətdə yaşamağa öyrəşə bilmisiniz, yoxsa artıq İsveçi ikinci vətəniniz hesab edirsiniz?

- Vətənim doğma Azərbaycanımızdır. İsveç təbiətinə, insanlarına, mədəniyyətinə, qanunlarına hörmət etdiyim, yaşadığım ölkədir. Buranın həyat tərzinə alışmışam, lakin ruhum Azərbaycandadır.

- Necə düşünürsünüz, isveçlilər Azərbaycan barədə kifayət qədər məlumata sahibdirlərmi? Azərbaycandan olduğunuzu biləndə onların ilk təəssüratları necə olur? Ümumiyyətlə, sizə Azərbaycan haqqında ən çox hansı sualları verirlər?

- Əyalətdə yaşayıram və bura təzə gələndə, təəssüf ki, yerli əhalinin Azərbaycan haqqında məlumatı çox az idi. Sualları isə əsasən Azərbaycanın harada yerləşməsi, iqlimi, dili, dini, mətbəxi və adətləri barədə olurdu. Bir neçə ildir keçirilən sərgilərin, internet vasitəsi ilə əldə etdikləri bilgilərin sayəsində, eləcə də Bakıda neft sənayesinin inkişafında Nobel qardaşlarının böyük rolu olduğunu öyrənəndən sonra Azərbaycan haqqında müəyyən təsəvvürləri formalaşıb, hətta onların arasında ölkəmizə səfər etmək arzusunda olanlar da var. Bir məsələni deyim ki, 2011-ci ildə şəxsi evimin birinci mərtəbəsində Azərbaycan milli geyimlərindən, əl işlərimdən ibarət sərgi təşkil etmişdim. İki gün açıq qapı etdik və bununla bağlı yerli mətbuatda elan verdik. İki günə müxtəlif qəsəbələrdən 80 nəfər insan gəlib muzeyi ziyarət etdi, həm təşəbbüsüm, həm də milli geyimlərimiz çox bəyənildi. 

Kəmalə Yanson
Kəmalə Yanson

- Azərbaycanı tanıtmaq üçün hansı işlər görmüsünüz? Yeni layihələriniz varmı?

- Mənim arzum, məqsədim həmişə milli irsi yaşatmaq, təbliğ etmək olub. Əsas işim milli geyimlərimizin və qədim tikmələrimizin öyrənilməsi, onları olduğu kimi tikib gənc nəsilə ötürməkdən ibarətdir. 2020-ci ilin əvvəllərində üzərində işlədiyim yeni layihəmi başa çatdırdım. Azərbaycanın Qarabağ bölgəsinə məxsus, XIX əsrə aid Şuşa milli geyimlərini tikib İsveçdə fəaliyyət göstərən SAF təşkilatının “Qarabağ” rəqs qrupuna hədiyyə etdim. Kompozisiya “Şuşa və muğam” adını daşıyır. Geyimlər və kəlağayılar üçün rəmzi olaraq bayrağımızın rənglərindən istifadə etdim. Kəlağayıların naxışlarını milliliyi tam qorumaqla hisslərimə, zövqümə güvənərək fırça ilə işləmişəm. Muğam ifalarında istifadə olunan qaval musiqi alətini hazırlayarkən tələb olunan dəqiqlik və incəlikləri çatdırmağa çalışmışam. Fotoda da gördüyünüz kimi İsveçli balaca dostlarım Alma, Louise, Ellen sevə-sevə bizim milli geyimlərimizi nümayiş edirlər. Ümid edirəm ki, milli geyimlərimiz “Qarabağ” qrupundakı balalarımız da daha dərin milli hisslər oyadacaq. Bu məsuliyyətli, şərəfli işi görməkdə məqsədim Qarabağın tarixən Azərbaycanın ayrılmaz tərkib hissəsi və muğam beşiyi olmasını, həmçinin milli geyimlərimizi etnoqrafik faktlarla olduğu kimi dünyaya çatdırmaqdan ibarətdir. Hər dövrün öz reallığı tarixin yaddaşına yazılır və gənc nəsillərə ötürülür. Məsuliyyətimizi dərk edərək Azərbaycanın tarixi, milli-maddi bütövlüyünün qorunması, təbliği üçün var gücümüzlə çalışmalıyıq. Hazırda yeni layihə üzərində işləyirəm. İnşallah bu layihəmin nəticəsini də oxucularla bölüşərəm. 

- Bu yaxınlarda Azərbaycan - İsveç milli geyim və folklor təşkilatı yaratmsınız. Təşkilatınızın fəaliyyətinin əsas istiqaməti nədən ibarətdir?

- Təşkilatımızın qarşısında duran vəzifə maddi-mənəvi irsi, etnik kökləri, adət- ənənələri, dastan-nağılları, milli mətbəxi, geyimləri, musiqini, müxtəlif sənətkarlıq nümunələrini, alətləri, milli kimliyi dərindən öyrənmək və təbliğ etməkdən ibarətdir. Bir sözlə, əsas məqsədimiz milliliyimizi-folklorumuzu təqdim və təbliğ etməkdir. Təbii ki, layihələrimizdə Azərbaycanın dahi şəxsiyyətlərinə, müasir inkifaşına və Azərbaycanda baş verən yeniliklərə də yer veriləcək. Bununla bağlı maraqlı, eyni zamanda önəmli fikirlərim var. İnsanlar arzu və ideyalarını yaradıcılıq vasitəsi ilə ifadə edirlər. Mən də əlimdən gələni edəcəm ki, bu təşkilat azərbaycanlıların birliyinin rəmzi olan bir ocağa çevrilsin. 

- Bəzi tədqiqatçılar iddia edir ki, Skandinaviya ölkələri ilə Azərbaycan arasında qədim dövrlərdə sıx əlaqələr olub. Hətta məşhur alim, səyyah Tur Heyerdal bunu araşdırmaq məqsədi ilə 4 dəfə Azərbaycana səfər edib. Necə düşünürsünüz, bu iki ölkənin milli adətləri, geyimlər, folklor nümunələri arasında oxşarlıq varmı?

- Bəli, Qobustan qayaüstü təsvirləri ilə Norveçdə Vikinqlər tərəfindən çəkilən rəsmlərin mövzularında oxşarlıq var. Müşahidələrimə əsasən deyə bilərəm ki, tikmə növlərindən - təkəlduz, doldurmaya bənzər əl tikmələrində, toxuculuqda - palazın taxta hana vasitəsi ilə toxunma üsulunda oxşarlıqlar mövcuddur. Onlar da tikmələrində əlvan rəngli, yun, ipək saplardan istifadə edirlər. Adətlərinə gəldikdə isə deyə bilərəm ki, Yeni il bayramı ilə əlaqədar onlar da evlərdə mütləq müxtəlif yeməklər hazırlayırlar. Xüsusi ilə isveçlilərin safran adlanan kökələri sanki bayramın gəlşini xəbər verir. Bəzi təşkilatlar yeni ili qədim və milli  adətlərə uyğun keçirirlər. Tarixi taxta evlərdə milli geyimli evdar qadınlar taxtadan hazırlanmış məişət əşyalarının köməyi ilə qədim sobada çörək bişirirlər. Bayramlarda itirdikləri ailə üzvlərinin məzarlarını ziyarət edirlər. Bütün bu ənənələr nəsildən nəsilə ötürülür.

- Kəmalə xanım, İsveçdə yaşayan azərbaycanlılar İsveçin ictimai-siyasi həyatında da yaxından iştirak edirlər. Onların arasında hətta deputat seçilənlər də var. Bəs azərbaycanlıların bir-birləri ilə əlaqələri necədir? Tez-tez bir araya gələ bilirsinizmi?

- Tədbir, sərgi və görüşlər ilə əlaqədar Stokholma səfərim zamanı Azərbaycandan olan həmvətənlərimizlə tanış oldum. Onların bir-birinə olan münasibəti insanda xoş ovqat yaradır. Azərbaycanı layiqincə təmsil etmək üçün fikirlərimizi, təkliflərimizi bölüşdük. Azərbaycanlıların hamısının bu niyyətdə olması insanı fərəhləndirir. Sevindirici haldır ki, azərbaycanlılar burada bir sıra təşkilatlar yaradıblar. Avropada Azərbaycan-İsveç Dram Teatrının olması böyük uğurdur və gələcəkdə bu teatrla birlikdə işləmək arzusundayam. Qürbətdə yaşayan azərbaycanlılar mümkün qədər bir-birinə dayaq olmalıdır. Əminliklə deyə bilərəm ki, İsveçdə yaşayan Azərbaycanlılar arasında birlik var. 

- Bəs ailənizdə Azərbaycana aid hansı ənənələri davam etdirirsiniz? Yəqin ki, evdə Azərbaycan musiqisi səslənir, Azərbaycan mətbəxinə aid təamlar bişir. Yoldaşınız buna etiraz etmir?

- Əlbəttə, Azərbaycan musiqilərini dinləyirəm, həvəskar olaraq pianoda ifa etməyi də sevirəm. Demək olar ki, evdə hər gün Azərbaycan mətbəxinə müraciət edirəm. Yoldaşım Azərbaycan mətbəxini, xüsusi ilə də dolmanı çox sevir. İsveçdə Azərbaycan ab-havasını duymaq üçün  mətbəxi milli üslubda bəzəmişəm. Burada hər iki ölkənin adətlərini yaşadırıq.

- İsveçdəki Azərbaycan diasporu milli-mənəvi dəyərlərin təbliği baxımından hansı işləri görür? Diasporun fəaliyyətini qənaətbəxş hesab edirsinizmi? Diasporun daha da güclənməsi üçün nələr etmək olar?

- Bəli, qənaətbəxş hesab etmək olar. Azərbaycan diasporunun güclənməsi üçün biz yeni ideyalar irəli sürdük, bacardığımız qədər uğurlu layihələr həyata keçirdirik. Bu işdə Azərbaycanın Diasporla iş üzrə Dövlət Komitəsinin diqqəti, qayğısı, mənəvi-maddi dəstəyini qeyd etməliyəm. Bu dəstəyin sayəsində azərbaycanlılar qürbətdə özlərini daha güclü hesab edirlər. 

Lalə İmamalıyeva

Son xəbərlər

Orphus sistemi