Kazanda çətin vəziyyətdə qalan azərbaycanlı tələbə qardaşlar Vətənə gətirilib

Kazanda çətin vəziyyətdə qalan azərbaycanlı tələbə qardaşlar Vətənə gətirilib Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazanda çətin vəziyyətlə üzləşən 2 azərbaycanlı tələbə qardaş çarter reysi ilə Azərbaycana təxliyə olunub.
Diaspor
1 İyun , 2020 18:27

Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazanda çətin vəziyyətlə üzləşən 2 azərbaycanlı tələbə qardaş çarter reysi ilə Azərbaycana təxliyə olunub. 

Bunu “Report”a açıqlamasında qardaşlardan biri - Kazan Federal Universitetinin magistratura pilləsində təhsil alan Tariyel Salmanlı deyib.

O bildirib ki, ötən ilin avqustundan Kazanda təhsil alır: “Mart ayında pandemiya Rusiyada sürətlə yayılmağa başladı. Həmin dövrdən evdə özümüzü təcrid edib qazandığımız pulları xərcləyirdik. Düşünürdük ki, may ayınadək pandemiya bitəcək. Bu müddət ərzində Kazan Federal Universiteti 4 həftə ard-arda bizə yardım göndərib. Bundan başqa, yerli diaspor təşkilatı da bizə əl tutub”.

T.Salmanlının sözlərinə görə, onların Azərbaycana qaytarılmasına Diasporla İş üzrə Dövlət Komitəsi kömək edib. O bildirib ki, apreldə “Evə gedirəm” portalı vasitəsilə çarter reysi üçün qeydiyyatdan keçiblər: "1 ay 10 gündən sonra bizə müsbət cavab gəldi. Lakin ailəmizin bizə bilet almaq imkanı yox idi. Ailəmizin Mingəçevrdən seçilən deputat Aydın Mirzəzadəyə müraciətindən sonra biletlərimizin alınmasını Diasporla İş üzrə Dövlət Komitəsi öz üzərinə götürdü, eyni zamanda Rusiyada olduğumuz müddətdə diaspor təşkilatı da bizə müəyyən yardım göstərdi”.

Tələbə deyib ki, bir neçə gün öncə qardaşı ilə birgə Vətənə geri dönüblər: “Mayın 27-də Azərbaycana gəldik. Hazırda “Atletlər kəndi”ndə karantindəyik. Karantindəki vəziyyətimiz yaxşıdır. Gündə 3 dəfə yemək verilir, otaqlar mütəmadi təmizlənir”.

Tariyel və Tamerlan Salmanlı qardaşlarının anası Aytən Salmanova övladlarının Vətənə qayıtmasına göstərdikləri köməkliyə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib: “Ailəmiz çətin duruma düşmüşdü, maddi problemə görə övladlarımızı Rusiyadan gətirə bilmirdik. Belə bir vəziyyətdə dövlətimizə üz tutduq. Dövlət də ailəmizə kömək əlini uzatdı. Buna görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya ailəmiz adından təşəkkür edirəm. Onların köməkliyi sayəsində övladlarımızı Vətənə gətirə bildik”. 

Qeyd edək ki, Milli Məclisin deputatı Aydın Mirzəzadə "Facebook" səhifəsində yazıb ki, bu günlərdə Rusiyadan Azərbaycana gətirilən 175 azərbaycanlı arasında bu ölkədə təhsil alan Mingəçevirdən olan iki tələbə qardaş da olub: “Tələbələrin valideynləri mənə zəng etdilər. Onların qayıtmasında olan problemdən danışdılar.

Xarici İşlər Nazirliyi, Diaspora ilə İş üzrə Dövlət Kömitəsi ilə əlaqə saxladım. Məsələ müsbət həll edildi.

Mingəçevirli tələbə qardaşların probleminin həllində Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sədri, keçmiş deputat Fuad Muradov şəxsən iştirak etdi. Ümumiyyyətlə, o xaricdə olan vətəndaşlarımızın təxliyə edilməsində çox fəal iştirak edir”.

Xatırladaq ki, qardaşlardan Tamerlan Salmanlı Kazan Federal Universitetinin 3-cü kursunda, Tariyel Salmanlı isə magistraturasının I kursunda təhsil alır.  

Son xəbərlər

Orphus sistemi