Hikmət Cavadov: “Arsen Avakov Ermənistanın və dünya ermənilərinin maraqlarını Ukraynanın maraqlarından üstün tutur”

Hikmət Cavadov: “Arsen Avakov Ermənistanın və dünya ermənilərinin maraqlarını Ukraynanın maraqlarından üstün tutur” "Bu, klassik arxadan bıçaq zərbəsi endirmək idi"
Diaspor
26 Aprel , 2021 18:41
Hikmət Cavadov: “Arsen Avakov Ermənistanın və dünya ermənilərinin maraqlarını Ukraynanın maraqlarından üstün tutur”

“ABŞ prezidenti Cozef Bayden 1915-ci il Osmanlı İmperiyasında baş verən hadisələrlə bağlı açıqlamasında “soyqırımı” sözündən istifdə etdi və bu, Ermənistanda və dünya ermənilərinin sıralarında bəzi illüziyalara və əsassız ümidlərə yol açdı. Ayıq başla düşünənlər onların sevinclərinin səbəblərini başa düşməyəcək. Çünki Ermənistan, onun vətəndaşları, dünyanın müxtəlif ölkələrində yaşayan ermənilər üçün heç nə dəyişməyəcək”.

“Report” xəbər verir ki, bunu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq üzrə elmlər doktoru Hikmət Cavadov deyib.

“Bu açıq həqiqəti anlamaq üçün bəzi məqamları göstərmək kifayətdir. Məsələn, BMT “soyqırımı” faktının müvafiq məhkəmə instansiyası tərəfindən təsbit edilməli olduğunu hesab edir. Bu barədə cümə axşamı keçirilmiş brifinqdə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik ABŞ-ın 20-ci əsrin əvvəllərində Osmanlı İmperiyasında qondarma “erməni soyqırımı”nı rəsmi olaraq tanıma planlarını şərh edərkən bildirib. BMT-nin mövqeyindən danışsaq, soyqırımı faktını müvafiq məhkəmə instansiyası təsdiq etməlidir”, - o bildirib.

Bundan əlavə, diaspor sədri 2015-ci ildə Strasburqda Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) Böyük Məhkəmə Palatasının iclasının keçirildiyini və İsveçrə hökumətinin “Doğu Perinçek İsveçrəyə qarşı” iddiası üzrə AİHM-in 17 dekabr 2013-cü il tarixli qərarından apellyasiya şikayəti üzrə yekun qərarın oxunduğunu xatırladıb.

“O zaman İsveçrə məhkəmə işini tam uduzdu, ancaq erməni diasporu rəsmi Berni apellyasiya şikayəti verməyə məcbur etdi. Atasının işini Mehmet Perinçek davam etdirdi. AİHM Böyük Palatası bu gün İsveçrənin apellyasiya şikayətini rədd edib və əvvəlki qərarı dəyişməz saxlayıb. O zamandan bəri “ermənilərin soyqırımı” ifadəsi tarixi fakt yox, bir fikirdir. Uyğun olaraq, ABŞ-ın hazırkı və keçmiş prezidentlərinin bütün açıqlamaları da fikirdən başqa bir şey deyil.

Bundan əlavə, rəsmi Ankaranın dəfələrlə dünya ictimaiyyətini, eləcə də Ermənistan rəhbərliyini bu məsələyə nəhayət aydınlıq gətirmək üçün tarixçilərdən ibarət ortaq komissiya yaratmağa çağırdığını xatırlatmaq vacibdir. Türkiyə dəfələrlə tarixi arxivlərini açmağa hazır olduğunu bəyan edərək, Ermənistan tərəfini, eləcə də digər ölkələri buna dəvət edib. Ancaq Türkiyə tərəfinin müraciəti cavabsız qalıb. Bu isə ondan xəbər verir ki, biz həqiqət axtarışı ilə deyil, Türkiyəyə qarşı elementar siyasi təzyiqlə üz-üzəyik.

Yeri gəlmişkən, Bayden 1915-ci il Osmanlı İmperiyasında baş verən hadisələrə toxunarkən “erməni soyqırımı” ifadəsini işlədən ilk ABŞ prezidenti deyil. Hələ 1981-ci ildə Ronald Reyqan eyni ifadəni səsləndirib. Sonra nə oldu? Məsələ də burasındadır ki, heç nə olmadı. Hər gecəni səhər əvəz edir. Müasir Türkiyə isə yalnız mövqelərini gücləndirir. Bu 40 il ərzində o, dünyanın ən nüfuzlu dövlətlərindən birinə çevrilib.

Keçmiş SSRİ-nin bir çox respublikası hər yolla Türkiyə ilə əməkdaşlığı dərinləşdirmək və genişləndirməyə çalışır. O cümlədən də Ukrayna. Ukrayna ilə Türkiyə arasındakı hərbi-texniki, siyasi, iqtisadi əməkdaşlıq son illərdə keyfiyyətcə daha yüksək səviyyəyə çatıb. Türkiyə Krımın Rusiyaya birləşdirilməsini tanımır, Qarabağdakı 44 günlük müharibə zamanı özünü parlaq şəkildə göstərən əfsanəvi “Bayraktar”larını Ukraynaya satıb.

Belə xoş məqamda Ukraynanın daxili işlər naziri Arsen Avakovun ermənilərin qondarma “soyqırımı”nı dövlət səviyyəsində tanımağın vacib olduğu barədə açıqlaması ortaya çıxır. Ukraynada artıq uzun müddətdir hər kəs cənab Avakovun DİN rəhbəri səlahiyyətlərindən açıq və qətiyyətlə kənara çıxan siyasi açıqlamalar verməsinə alışıb. Bu arada, ölkədəki kriminogen vəziyyət son dərəcə acınacaqlı olaraq qalır. Ancaq Arsen Borisoviç birbaşa öhdəliklərinə daxil olan məsələləri həll etmək əvəzinə, açıq-aydın yersiz açıqlama verir, özünü yüksək səviyyəli Ukrayna məmuru kimi deyil, bir erməni siyasi xadimi və ya Ukraynanın erməni diasporunun nümayəndəsi kimi aparır.

O, Ermənistanın və dünya ermənilərinin maraqlarını yaşadığı və daxili işlər naziri olduğu ölkənin maraqlarından üstün tutur. Ona xatırlatmalıyam ki, Ermənistan Krımın ilhaqını dəstəkləyib, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, Avrasiya Gömrük İttifaqına və Avrasiya İqtisadi Birliyinə üzvdür və ümumiyyətlə, Boris Qrızlovun sözləri ilə desək, Rusiyanın Qafqazdakı forpostudur. Bəli, Ukrayna ilə müharibəyə girən, 15 mindən çox ukraynalının ölümündən məsul olan, Donetsk və Luqansk separatçılarını dəstəkləyən, mütəmadi olaraq Ukraynanı böyük orduyla ölkəyə soxulacaqları ilə təhdid edən həmin Rusiyanın. Avakov, demək olar, Kiyev və Ankara arasındakı münasibətlərə yenidən baxılmasını təklif edir. Bu isə, xüsusilə hazırkı şəraitdə, Ukraynanın yox, Rusiya və Ermənistanın lehinədir.

Daha bir vacib məqam. İndi, Avakov da daxil olmaqla, çox az adam o illərdə Osmanlıda nələr baş verdiyini xatırlayır. O zaman erməni icması tərəfindən ərazilərində hər cür imtiyazlardan istifadə edərək yaşadıqları dövlətə qarşı xəyanət baş vermişdi. Onlar Osmanlı İmperiyası müharibə apardığı anda ovaxtkı türk torpaqlarında öz dövlətlərinin yaradılmasını tələb edərək qiyam etmişdilər.

Bu, klassik arxadan bıçaq zərbəsi endirmək idi. Bu, separatizm və terrorizm idi. Bəli, məhz terrorizm. Axı 1915-ci ilin yanvarında ermənilər Qarsdakı müsəlman əhalinin 30%-ni qırmışdı, Qars vilayətinin böyük hissəsi xarabalığa çevrilmişdi. Elə amerikalı tarixçi Castin Makkarti də iddia edir ki, Osmanlı İmperiyasındakı müsəlman əhalinin Rusiyanın dəstəklədiyi erməni silahlıları tərəfindən təşkil edilən qırğınının məqsədi ermənilərin özlərinin və Rusiyanın planına əsasən Ermənistan dövlətinin bir hissəsi olmalı olan vilayətləri yerli əhalidən “təmizləyərək” ermənilərin sayını artırmaq idi. Hətta deyərdim ki, erməni “könüllüləri”, əslində isə xainləri açıq şəkildə Rusiya İmperiyasının tərəfinə keçmişdilər. Ancaq nə “soyqırımı” sözünü dilinə gətirən Bayden, nə də Ukraynaya bu mifi, Rusiyanın fəal köməyi ilə yaradılan bu təxribatı tanımağı təklif edən Avakov bu barədə bir kəlmə də demir”, - Hikmət Cavadov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi