İsraildəki Azərbaycan icmasının fəaliyyəti müzakirə olunub

İsraildəki Azərbaycan icmasının fəaliyyəti müzakirə olunub Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozov ilə görüşüb.
Diaspor
8 Aprel , 2022 14:16
İsraildəki Azərbaycan icmasının fəaliyyəti müzakirə olunub

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozov ilə görüşüb.

Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.

Komitə sədri ölkəmizin uğurlu diaspor siyasəti, Komitənin həyata keçirdiyi layihələr, İsrail-Azərbaycan diasporları arasındakı əməkdaşlıq imkanları barədə məlumat verib.

Görüşdə İsrail dövləti və Azərbaycan arasında qarşılıqlı etimada əsaslanan möhkəm əməkdaşlıq və ikitərəfli strateji tərəfdaşlıq münasibətləri barədə danışılıb, bu tərəfdaşlığın Azərbaycanda yaşayan yəhudilərlə azərbaycanlılar arasında çoxəsrlik dostluq münasibətlərinə söykəndiyi, eyni zamanda ABŞ və Avropadakı Azərbaycan və yəhudi icmaları arasında sıx əməkdaşlıq əlaqələrinin olduğu vurğulanıb.

İsraildəki Azərbaycan diasporunun keçirdiyi tədbirlərdə fəal iştirak etdiyi üçün nazirə təşəkkür edən Komitə sədri Azərbaycan Prezidenti İlham Əliyevin “Biz dinlər, mədəniyyətlər, ölkələr arasında körpülərin qurulması istiqamətində fəaliyyətimizi davam etdiririk” fikrini xatırladaraq diqqətə çatdırıb ki, müxtəlif xalqların və dinlərin nümayəndələrinin Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşaması Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Səmimi qəbula görə təşəkkür edən Yoel Razvozov Azərbaycanla İsrail arasında diplomatik əlaqələrin 30-cu ildönümünün tamam olduğunu və dövlətlərarası əməkdaşlığın bütün sahələrdə yüksək səviyyədə uğurla davam etdiyini bildirib. Nazir həmçinin Azərbaycandakı yüksək tolerantlıq səviyyəsindən, yəhudi icmasına olan qayğıdan, dini və mədəni fəaliyyət üçün yaradılan şəraitdən məmnunluq hissi keçirdiyini və buna görə Azərbaycan Prezidentinə təşəkkür etdiyini söyləyib.

Yoel Razvozov İsraildə də Azərbaycan icmasının fəal olduğunu, ölkənin ictimai həyatına inteqrasiya etdiyini, iki xalqın dostluq münasibətlərinin daimi olacağına inamını ifadə edib.

Son xəbərlər

Orphus sistemi