Fransadakı Azərbaycan diasporunun nümayəndələri Şuşada keçiriləcək qurultaydan danışıblar

Fransadakı Azərbaycan diasporunun nümayəndələri Şuşada keçiriləcək qurultaydan danışıblar Artıq Şuşada keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayının başlamasına sayılı günlər qalıb. Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı mə
Diaspor
20 Aprel , 2022 10:08
Fransadakı Azərbaycan diasporunun nümayəndələri Şuşada keçiriləcək qurultaydan danışıblar

Artıq Şuşada keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayının başlamasına sayılı günlər qalıb. Qurultay son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü olacaq. Qurultayın tarixi hadisə olmasından biri isə onun ümumilikdə Türk dünyasının mədəniyyət paytaxtı seçilmiş Şuşada keçirilməsidir. Həmçinin bu böyük tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir. Artıq dünyanın bir çox ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor nümayəndələrinin əksəriyyəti qurultayda iştirak üçün Vətənə gəlib, digərləri isə Vətənə yola düşürlər.

Fransada fəaliyyət göstərən Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Aytən Muradova "Report"un yerli bürosuna açıqlamasında qurultay haqqında öz fikirlərini bölüşüb.

Birinci dəfə Şuşada 80-ci illərin əvvəlində tələbə vaxtı olduğunu xatırladan A.Muradova bildirib ki, həmin zaman Qarabağda qızlar bayramı keçirilirmiş:

"Hər fakültədən bir nəfər tələbə seçilmişdi. Ağdamda evində qaldığımız şəxs bizi Şuşaya qonaq aparmışdı. Şuşanı yalnız o vaxt görmüşəm".

O bildirib ki, Cıdır düzü, İsa bulağı, daş küçələri yadında qalan yeganə xatirələrdir:

"Bizim üçün böyük şərəfdir ki, bu gün Şuşaya gedirik. Şuşa Azərbaycanın simvoludur. Şuşaya gedərkən dağıdılmış ərazilərdən keçəcəyik. Bu dağıntıları görmək bizim üçün əlbəttə çox çətin olacaq. Bu vaxta qədər fotolarda, videolarda gördüyümüz dağıntıları öz gözlərimizlə görəcəyik. Şuşanın özünü dağılmış görmək bizə çox çətin olacaq. Amma Şuşaya gedib çatmaq böyük bir fəxrdir. Dünya azərbaycanlılarının Qurultayında iştirak etmək və xüsusilə də Şuşada bu tədbirin keçirilməsi bizdə ikiqat sevinc və qürur hissi yaradır. Allahdan şəhidlərimizə rəhmət diləyirəm".

Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyasının baş katibi, Paris Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva bildirib ki, artıq Şuşaya üçüncü səfərin həyəcanını yaşayır:

 Mirvari Fətəliyeva
Mirvari Fətəliyeva

"Mən artıq dördüncü dəfədir ki, Dünya Azərbaycanlılarının Qurultayına iştirak edirəm. Budəfəki tədbir əvvəlkilərdən fərqlənəcək. Mədəniyyət beşiyimiz olan Şuşada bu tədbirin təşkil olunması çox böyük tarixi hadisə olacaq. Dünya azərbaycanlıları Şuşada görüşəcək və görüş zamanı qarşımızda duran vəzifələr, Qarabağın dirçəlişindən, Dünya Azərbaycanlılarının bu dirçəlişdəki rolundan danışılacaq. Birgə həyata keçirə biləcəyimiz layihələrin müzakirəsi hər bir xaricdə yaşayan azərbaycanlı üçün çox vacibdir və düşünürəm ki, bu tədbirin məhz Şuşada keçirilməsi bütün dünyaya bir mesaj olacaq. Baxmayaraq, üçüncü dəfədir ki, Şuşaya gedəcəyəm, eyni həyəcanı yenidən yaşayıram. Bəlkə də bu otuz ilə yaxın çəkdiyimiz həsrətin nəticəsidir ki, hər dəfə Şuşaya gedəndə çox həyəcanlanıram. Bəlkə də bu həyəcanı bütün dünya azərbaycanlıları keçirir. Mənim üçün köçkünlük həyatı yaşamış bir insan kimi bu torpaqlara qədəm basmaq müqəddəs görünür. Şuşa eyni zamanda çox möcüzəli bir şəhərdir. Orada olduğum zaman bunun bir daha şahidi olmuşam".

Günel Səfərova
Günel Səfərova

Fransada fəaliyyət göstərən Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının prezidenti Günel Səfərova isə bildirib ki, Dünya Azərbaycanlılarının V Qurultayı tamamilə fərqli ab-havada keçəcək:

"Bunu indidən hiss etmək çətin deyil. İlk dəfədir ki, qurultay Şuşada keçirilir. Uzun həsrətdən sonra Şuşaya getməyin və mənim kimi xaricdə yaşayan soydaşlarımzla bir araya gəlməyin həyəcanı bir başqadır. Bir fərq də ondan ibarətdir ki, Qurultayda 44 günlük müharibə zamanı aktiv fəaliyyət göstərən soydaşlarımız da iştirak edəcəklər. Həyəcanım böyükdür. Birincisi, Vətənə gedirik, ikincisi Şuşaya gedirik və Dünya Azərbaycanlılarının Qurultayında iştirak edəcəyik. Biz artıq qalib bir xalqın, qalib ölkənin vətəndaşıyıq. Pasport əlimizdə ölkəyə daxil olanda keçirəcəyim həyəcanı artıq indidən yaşayıram. Bu, qürura qarışıq bir həyəcandır. Son illər koronavirusla bağlı qadağalar olduğu üçün tədbirlərin çoxunu onlayn platforma vasitəsi ilə həyata keçirirdik. Gələcək planlarla bağlı bu formada məsləhətləşmələr aparırdıq. Tədbirdə dəyirmi masa arxasında məsələləri müzakirə edə biləcəyik. Qurultayda 65 ölkədən 400-dən çox soydaşımız iştirak edəcək. Hər bir soydaşımızdan bir ağıllı fikir eşidəcəyik və bu da bizim ümumi işimizə müsbət təsir edəcək".

Son xəbərlər

Orphus sistemi