Bakı. 19 sentyabr. REPORT.AZ/ Estoniyada yaşayan gənc azərbaycanlı fəal, yerli özünüidarəetmə orqanlarına seçkilərdə Lasname dairəsindən namizəd Orxan Oktayın "Report"a müsahibəsi.
- Bir az özünüz barədə məlumat verərdiniz...
- Mən 1989-ci ildə Azərbaycanın Zəngilan rayonunda anadan olmuşam. Uşaq bağçası, məktəb və universitetə Tallində getmişəm. Tallin Texniki Universitetinin beynəlxalq münasibətlər üzrə bakalavr və magistr pillələrini bitirmişəm. Bakalavr pilləsini başa vurduqdan sonra 11 ay orduda xidmət etdim və 2012-ci ildən 2015-ci ilə kimi Estoniya XİN-də çalışdım. İndi sahibkarlıqla məşğul oluram.
- Siz yerli özünüidarəetmə orqanlarına seçkilərdə namizədliyinizi irəli sürmüsünüz, seçki platformanız əsasən nədən ibarətdir?
- Əvvəlcə bürokratik prosesləri sadələşdirmək istərdim. Bundan başqa, Tallində onsuz da sayı az olan uşaq bağçalarının müasir standartlara çatdırılmasına diqqət yetirmək fikrindəyəm.
- Sizdə Estoniyada yaşayan azərbaycanlıların sayı haqqında məlumat var? Onlar namizədliyinizi dəstəkləyirmi?
- Hazırda Tallində mindən çox azərbaycanlı yaşayır və onların əksəriyyətinin məni dəstəklədiyini düşünürəm.
- Bəs Estoniya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə nə kimi töhfələr vermək istərdiniz?
- Bu, yerli özünüidarəetmə orqanlarına seçkilərdir, ona görə də mən bu barədə dəqiq məlumat verə bilmərəm. Lakin 2019-ci ildə parlament seçkiləri keçiriləcək. Əgər parlamentə seçilsəm, iki ölkə arasında əlaqələrin daha da sıx olmasına çalşacağam. Hesab edirəm ki, texnoloji cəhətdən inkişaf etmiş Estoniyanın Azərbaycanla əlaqələrinin olması yaxşıdır.
- Azərbaycanda tez-tez olursunuz?
- Xeyr, çünki Azərbaycanda yaşamıram. Ancaq həyat yoldaşımla birlikdə Azərbaycanda istirahətə gedirik.
- Sizcə Azərbaycan və Estoniyanı nə birləşdirir?
- Hər iki ölkə ilk dəfə 1918-ci ildə müstəqillik qazanıb, sonra SSRİ-nin tərkibinə daxil edilib və hər ikisi də 1991-ci ildə onun tərkibindən çıxıb. İndi isə hər iki ölkə arasında yaxşı münasibətlər mövcuddur.