​Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Batumidə qeyd edilib

​Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Batumidə qeyd edilib Qeyd edilib ki, milli birlik və həmrəylik, birləşdirici amil kimi, harada olmasından asılı olmayaraq hər bir azərbaycanlının yaddaşına hopmalıdır
Diaspor
25 Dekabr , 2014 10:28
​Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Batumidə qeyd edilib

Bakı. 25 dekabr. REPORT.AZ/ Batumi şəhərində 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı təntənəli mərasim keçirilib. “Report” “AzərTAc”a istinadən xəbər verir ki, tədbirdə Gürcüstanın Acarıstan Muxtar Respublikası (MR) hökumətinin sədri Arçil Xabadze, muxtar respublika Ali Sovetinin sədri Avtandil Beridze, Batumi şəhərinin meri Qiorqi Yermakov, Acarıstan MR-in maliyyə və iqtisadiyyat naziri David Baladze, kənd təsərrüfatı naziri Zaur Putkaradze, səhiyyə və əhalinin sosial müdafiəsi naziri Nuqzar Surmanidze, muxtar respublikanın hökumət aparatının, nazirliklərinin və Batumi meriyasının məsul işçiləri, Batumidə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri və nümayəndələri, Batumi Dövlət Universitetinin professor-müəllim heyəti, Kulevi terminalının və “SOCAR-Georgia” şirkətinin nümayəndələri, ziyalılar və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Tədbiri M.F.Axundzadə adına Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyətinin sədri Vidadi Axundov açaraq sözü Azərbaycan Respublikasının Batumi şəhərindəki baş konsulu Hüseyn Nəcəfova verib.

Baş konsul hər il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edildiyini bildirib. O, bu bayramın əsasının 1991-ci il dekabrın 16-da o zamanlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu söyləyib.

H.Nəcəfov hazırda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu islahatların Ümummilli Liderin uzaqgörən siyasətinin məntiqi davamı olduğunu bildirib. O, Prezident İlham Əliyevin praqmatik daxili və xarici siyasəti nəticəsində Azərbaycanın müxtəlif sahələrdə böyük uğurlar qazandığını diqqətə çatdırıb.

Baş konsul soydaşlarımızın yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiya olunmasının, bu dövlətlərin ictimai-siyasi, iqtisadi və mədəni həyatlarında fəal rol oynamasının təqdirəlayiq hal olduğunu söyləyib. H.Nəcəfov bunun ölkəmizin beynəlxalq əlaqələrinin genişləndirilməsinə, Azərbaycan reallıqlarının dünyaya çatdırılmasına, zəngin və çoxşaxəli mədəni irsimizi təbliğ etməyə əlverişli şərait yaratdığını bildirib.

Bu gün Azərbaycanın güclü, qüdrətli dövlətə çevrildiyi və bu gücün təkcə iqtisadi və hərbi amillərlə deyil, həm də xalqın sıx birliyi ilə də ölçüldüyü diqqətə çatdırılıb. Qeyd edilib ki, milli birlik və həmrəylik, birləşdirici amil kimi, harada olmasından asılı olmayaraq hər bir azərbaycanlının yaddaşına hopmalıdır.

Mərasimdə çıxış edən Acarıstan Muxtar Respublikası hökumətinin sədri Arçil Xabadze azərbaycanlıların arasında olmasından və onlarla bir yerdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd etməkdən məmnunluğunu bildirib. Qeyd edib ki, 1989-cu ilin 31 dekabr tarixini böyük qəhrəmanlıq günü hesab etmək olar. Çünki həmin gün Azərbaycan xalqının əsrlər boyu ayrı düşdüyü soydaşlarına qovuşmaq üçün SSRİ-İran sərhədindəki tikanlı məftilləri dağıdıb Araz çayını keçdiyi gündür. O zamanlar bu cür hərəkətlər böyük cəsarət və ümumi amala bağlılıq tələb edirdi.

Gürcülərin Azərbaycan xalqına xüsusi münasibəti olduğunu vurğulayan hökumətin sədri qeyd edib ki, Acarıstanın, o cümlədən Batuminin tarixinə nəzər yetirilsə, xalqlarımızın ta qədimdən mövcud olan qardaşlıq əlaqələrinin, şəhərlərimiz və regionlarımız arasında çoxəsrlik dostluq tarixinin olduğu aşkara çıxar.

Tədbirdə çıxış edən Acarıstan Muxtar Respublikası Alı Sovetinin sədri Avtandil Beridze əlamətdar gün münasibətilə Azərbaycan xalqına səmimi arzularını çatdırıb. O, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Acarıstan MR arasında qarşılıqlı münasibətlərə toxunub. Hər iki muxtariyyat arasında bütün sahələr üzrə əlaqələrin inkişaf etdiyini söyləyən natiq, yüksək səviyyəli qarşılıqlı səfərlərin və sıx təmasların buna əlverişli zəmin yaratdığını bildirib.

Baş konsul tərəfindən Acarıstanın azərbaycanlı icmasının fəal üzvlərinə, eləcə də ölkəmizə qarşı dost mövqeyi ilə fərqlənən yerli ziyalılara fəxri diplomlar təqdim edilib.

Mərasim ziyafətlə yekunlaşıb.

Tədbir “TV 25” və “Ajara TV” telekanallarında nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi