Dövlət Komitəsi xaricdə yaşayan həmvətənlərimizə müraciət edib

Dövlət Komitəsi xaricdə yaşayan həmvətənlərimizə müraciət edib Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət edib
Diaspor
4 Oktyabr , 2020 18:08
Dövlət Komitəsi xaricdə yaşayan həmvətənlərimizə müraciət edib

Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət edib

"Report" xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat verib.

"Əziz həmvətənlər, hörmətli soydaşlar 2020-ci ilin 27 sentyabr tarixindən başlayaraq işğalçı Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı geniş miqyaslı hərbi təxribatlara başlayıb. Təxribatlar nəticəsində Azərbaycanın mülki şəxsləri və hərbçiləri arasında itkilər var, yaşayış məntəqələrinə ciddi ziyan dəyib.

İşğalçı qüvvələr Tərtər, Bərdə, Füzuli, Daşkəsən, Beyləqan, Göygöl, Goranboy, Gədəbəy, Qazax, Tovuz rayonlarında yaşayan mülki əhalini və obyektləri hədəfə alıb. Ermənistanın son hərbi təxribatları nəticəsində azyaşlı uşaqlar və qadınlar da daxil olmaqla 24 nəfər həlak olub, 111 nəfər yaralanıb, 49 mülki obyektə və 248 yaşayış evinə ciddi zərər dəyib.

4 oktyabr saat 10 radələrində isə düşmən Azərbaycanın Gəncə şəhərini artilleriya atəşinə tutub. İnsanların sıx yaşadığı əraziyə atılan mərmilərdən 1 mülki şəxs həlak olub, 4 nəfər yaralanıb, dinc sakinlərə, mülki infrastruktura və qədim tarixi tikililərə ciddi ziyan dəyib. Gəncə şəhərinin Ermənistan əraqzisindən atəşə tutulması açıq-aydın təxribatdır və münaqişə ərazisini genişləndirmək niyyəti daşıyır.

Əziz Azərbaycan diaspor nümayəndələri, Ali Baş Komandanın əmri ilə Azərbaycan ordusu Ermənistanın hərbi təxribatlarına qarşı əks hücum əməliyyatlarına başlayıb, düşmənə layiqli cavab verilir və artıq bır sıra ərazilərimiz işğalçılardan təmizlənib.

Vətənimiz üçün tarixi əhəmiyyət kəsb edən belə bir vaxtda birliyiniz və göstərdiyiniz mənəvi dəstək üçün hər birinizə təşəkkür edirik. Sizlər yaşadığınız ölkələrin prezidentlərinə, parlamentlərinə, dövlət və ictimai qurumlara həqiqətləri ifadə edən müraciətlər, məktub və bəyanatlar göndərməklə Azərbaycan ordusunun haqq mübarizəsinə mənəvi dəstək olursunuz. Azərbaycan dövlətinə və ordusuna göstərdiyiniz mənəvi dəstəyi yüksək qiymətləndirir və qızğın informasiya mübarizəsinin getdiyi bir dönəmdə beynəlxalq ictimaiyyətin həqiqətləri bilməsi üçün daha intensiv şəkildə davam etməyinizi tövsiyə edirik. Bunun üçün Facebook, Twitter, Telegram, İnstagram kimi sosial şəbəkə səhifələrindən çevik və aktiv istifadə zəruridir. Bütün lazımi informasiyaları Dövlət Komitəsinin rəsmi saytı www.diaspora.gov.az və sosial şəbəkə səhifələrindən (https://www.facebook.com/AzDiaspora, https://twitter.com/DiasporaAz, https://www.instagram.com/diasporaaz/, https://t.me/AzerbaijaniDiaspora) əldə edə bilərsiz.

Bu günlərdə müxtəlif ölkələrdə yaşayan azərbaycanlılardan orduya dəstək və döyüşlərdə könüllü kimi iştirak etməklə bağlı çoxsaylı müraciətlər alırıq. Buna görə Sizə təşəkkür edirik. Şanlı Azərbaycan ordusu hər cür lazımi canlı qüvvəyə və maddi təminata malikdir. Ehtiyac yarandığı halda Sizlərə müraciət ediləcəkdir.

Eyni zamanda, nəzərinizə çatdırırıq ki, xaricdə yaşayan insanların başqa ölkənin ərazisində hərbi əməliyyatlara və təlimlərə cəlb edilməsi beynəlxalq hüquq və normalara ziddir. Bununla bağlı Azərbaycan Xarici İşlər nazirliyinin müvafiq açıqlaması olub: https://mfa.gov.az/az/news/6916/view

Əziz həmvətənlər, bir daha göstərdiyiniz dəstəyə görə Sizlərə təşəkkür edir, yaşadığınız ölkənin qanunvericiliyinin tələblərinə uyğun olaraq, Ali Baş Komandanımıza, dövlətimizə, ordumuza və xalqımıza mənəvi dəstəyinizi davam etdirməyə, beynəlxalq ictimaiyyətin həqiqətləri bilməsi üçün müasir informasiya mübarizəsində daha çevik olmağa çagırırıq", - qeyd olunub.

Son xəbərlər

Orphus sistemi