Bakıda keçiriləcək IV Qlobal Bakı Forumunun vaxtı məlum olub

Bakıda keçiriləcək IV Qlobal Bakı Forumunun vaxtı məlum olub Forumda dünyanın bir sıra nüfuzlu siyasi və dövlət xadimlərinin iştirakı gözlənilir
Diaspor
8 Yanvar , 2016 12:34
Bakıda keçiriləcək IV Qlobal Bakı Forumunun vaxtı məlum olub

Bakı. 8 yanvar. REPORtT.AZ/ Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumu keçiriləcək.  DİDK-nin mətbuat xidmətindən "Report"a bildirilib ki, artıq 4 ildir ki, təşkil olunan bu ənənəvi forumda bir sıra ölkələrin dövlət və hökumət başçılarının, habelə tanınmış nüfuzlu siyasi xadimlərin iştirakı gözlənilir. Albaniya, Latviya, Bolqarıstan, Makedoniya, Monteneqro, Xorvatiya və Gürcüstanın dövlət və hökumət başçıları IV Qlobal Bakı Forumunda iştirak etməyi planlaşdırdıqlarını bildiriblər.

“Çoxqütblü dünyaya doğru” mövzusuna həsr olunan Forum DİDK-nin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı, həmçinin Madrid Klubu, İnter-Action Council, İsgəndəriyyə Kitabxanası kimi beynəlxalq təşkilatların tərəfdaşlığı ilə baş tutacaq. Forumda dünyanın bir sıra nüfuzlu siyasi və dövlət xadimləri də daxil olmaqla 300-ə yaxın nümayəndənin iştirakı gözlənilir.

IV Qlobal Bakı Forumunda dünyada etnik, dini və siyasi zəmində baş verən münaqişələr, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi sahəsindəki qlobal problemlər müzakirə ediləcək və bu problemlərin həll yollarının tapılması istiqamətində fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, I, II və III Qlobal Açıq Cəmiyyətlər Forumu 2013, 2014 və 2015-ci illərdə Bakı şəhərində keçirilib. Bu toplantılara dünyanın bir sıra nüfuzlu siyasi və dövlət xadimləri qatılıb.

Hər üç forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib və nitq söyləyib. 

Son xəbərlər

Orphus sistemi