Bakı. 29 dekabr. REPORT.AZ/ 2016-cı ilin may-iyun aylarında Fransada yaşayan azərbaycanlı Adilə Əliyevanın adına pianoçuların 9-cu beynəlxalq müsabiqəsi keçiriləcək.
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən "Report"a bildirilib ki, 5 gün davam edəcək müsabiqə Fransanın Annemas və İsveçrənin Cenevrə şəhərlərində baş tutacaq.
Müsabiqəyə münsiflər heyətinin, görkəmli siyasət və mədəniyyət xadimlərinin, mətbuat və KİV nümayəndələrinin qatılacağı gözlənilir. Həmçinin, müsabiqənin keçiriləcəyi müddətdə Azərbaycanın zəngin tarixi-mədəni irsinə və əldə etdiyi nailiyylətlərə həsr olunan sərginin də keçiriləcəyi planlaşdırılır.
Qeyd edək ki, iki ildən bir adına müsabiqə keçirilən Azərbaycanın əməkdar artisti Adilə Əliyeva Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktorudur. Hazırda Fransada yaşayan musiqiçi Bakı şəhərində anadan olub, sonradan Moskvaya köçərək bu şəhərdə Çaykovski adına Konservatoriyanı bitirib. 25 ilə yaxındır ki, Fransada yaşayan A.Əliyeva, 50-dən çox ölkənin konsert salonlarında çıxış edib və 30-dan artıq kompakt-disk ərsəyə gətirib.