ABŞ, Kanada və İsrail azərbaycanlıları bayramı virtual qeyd etdilər

ABŞ, Kanada və İsrail azərbaycanlıları bayramı virtual qeyd etdilər ABŞ, Kanada və İsraildə yaşayan azərbaycanlılar 28 May - Respublika Günü münasibətilə virtual görüş keçiriblər.
Diaspor
29 May , 2020 15:39
ABŞ, Kanada və İsrail azərbaycanlıları bayramı virtual qeyd etdilər

ABŞ, Kanada və İsraildə yaşayan azərbaycanlılar 28 May - Respublika Günü münasibətilə virtual görüş keçiriblər. 

"Report"un xüsusi müxbiri xəbər verir ki, "Facebook" sosial şəbəkəsindən canlı yayımlanan görüşdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və Türkiyənin ABŞ-dakı səfiri Serdar Kılıç olmaqla, 130-dan çox soydaşlarımız iştirak ediblər. 

Tədbirin moderatoru, Meyn ştatındakı Azərbaycan Cəmiyyətinin təsisçisi və prezidenti Tərlan Əhmədov qonaqları salamlayıb, onları Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü münasibətilə təbrik edib. Dünyanın harasında olmasından asılı olmayaraq, bütün azərbaycanlıları birlik və bərabərliyə çağırıb.

Azərbaycan-Amerika Musiqi Fondunun təsisçisi və icraçı direktoru, professor, doktor Cəmilə Cavadova-Spitzberg və sporano ifaçısı Ariel Hernandezin ifasında Azərbaycan və ABŞ himnləri səsləndirilib.

E.Süleymanov azərbaycanlıları və Türkiyənin ABŞ-dakı səfirini salamlayıb, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünü birlikdə qeyd etmək üçün ilk dəfə olaraq ABŞ-da yaşayan soydaşlarımızın birlikdə toplandığına və həmrəylik göstərdiyinə görə fərəh hissini keçirdiyini deyib. Səfir Türkiyə səfirliyinin bu əlamətdar gündə birlik, bərabərlik nümayiş etdirməsinin ümummilli lider Heydər Əliyevin söylədiyi “bir millət, iki dövlət” prinsipini bir daha təsdiqlədiyini vurğulayıb.

S.Kılıç Türkiyənin ABŞ-dakı səfirliyi adından Azərbyacan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü münasibətilə bütün azərbaycanıları təbrik edib, Türkiyə və Azərbaycanın hər zaman tək ürək olacağını vurğulayıb.

Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təsisçisi və prezidenti Töhfə Eminova Azərbaycanın milli musiqisindən, Nyu-Yorkda fəaliyyət göstərən “My way” Uşaq və Gənclər Mərkəzinin rəhbəri Alyona Bədəlova ölkəmizin zəngin rəqslərindən və incəsənətindən, Hyustondakı Azərbaycan Mərkəzinin direktoru və prezidenti, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova isə ölkəmizin zəngin mədəniyyətindən və qonaqpərvərliyindən danışıb. 

Azərbaycanın ABŞ-dakı səfirliyinin siyasi məsələlər üzrə əməkdaşı Şəlalə Vəliyeva isə tarixin bütün dövrlərində azərbaycanlı qadınların sosial həyata və təhsilə verdiyi töhfələrdən bəhs edib.

Virtual görüşdə müxtəlif musiqi janrlarında Namiq Sultanov, Humay Qasımzadə, Nərgiz Əliyarova, Pərvin Muradova Dilbazi, Aleksandr Peskanov, Cavid İsmayılbəyli, Ceyran Həsən və Qiyas Zeideh, Eldar Xudiyev, Azər Dəmirov və Cefrey Verbork, tanınmış musiqi ifaçısı Emil və Leyla Əfrasiyabın ifa etdiyi canlı musiqilər təqdim olunub.

Sonda Niderland, İtaliya, ABŞ, İsveç, Finlandiya, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Fransa orqan musiqisinin ifaçıları bir araya gələrək Azərbaycan himnini ifa ediblər.

Müxbir: Vüsalə Abbasova 

Son xəbərlər

Orphus sistemi