Yuxarı

​Yaxın Şərqdə terror və təhlükəsizlik məsələləri müzakirə olunub

Bu mövzuda seminarların və toplantıların keçirilməsi razılaşdırılıb

Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə bu ilin aprel ayında Bakıda təşkil edəcəyi III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq məqsədilə Livanın paytaxtı Beyrut şəhərində bir sıra görüşlər keçirilib.  "Report" Komitənin mətbuat xidmətinə istinadən xəbər verir ki, Livanın sabiq Prezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Amin Gemayel ilə görüşdə Foruma hazırlıqla yanaşı, siyasi xadimin rəhbərlik etdiyi “Maison du Futur” fondu ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlıq məsələləri və həyata keçiriləcək birgə layihələr müzakirə edilib. Müzakirələr zamanı Yaxın Şərqi narahat edən terror və təhlükəsizlik məsələlərinə xüsusi diqqət ayrılıb və bu mövzuda seminarların, toplantıların keçirilməsi razılaşdırılıb. Beynəlxalq Foruma hazırlıq proqramı çərçivəsində isə mart ayında Beyrutda Serbiya və Bolqarıstanın sabiq prezidentlərinin iştirakı ilə işçi qrupun görüşünün keçirilməsi nəzərdə tutulub.

“Yeni dünya düzənində etimadın yaradılması” mövzusuna həsr ediləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumunda 40-dan çox ölkənin sabiq dövlət və hökumət başçısı ilə yanaşı, bir sıra dövlətlərin hazırkı rəhbərlərinin iştirakı da gözlənilir.

Qeyd edək ki, Qlobal Müştərək Cəmiyyətlər Forumunda əksəriyyəti sabiq dövlət və hökumət başçısı olmaqla nüfuzlu ictimai-siyasi xadim, elm, mədəniyyət nümayəndələri bir araya gələrək bəşəriyyəti narahat edən problemlər, onların həlli yollarının tapılması məsələlərini müzakirə edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi