Yuxarı

Xocalı soyqırımı qurbanlarının xatirəsi Almaniyada anılıb

“İnsanlıq üçün ayağa qalx” (“Stand up for Humanity”) adlı tədbir keçirilib

Bakı. 9 fevral. REPORT.AZ/ Almaniyanın Türingiya vilayətində Xocalı soyqırımı qurbanlarının xatirəsini anmaq və yerli ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə “İnsanlıq üçün ayağa qalx” (“Stand up for Humanity”) adlı tədbir keçirilib.

Bu barədə “Report”a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyası tərəfindən Yena şəhərinin “Beynəlxalq Mədəniyyət Mərkəzi”ndə təşkil olunmuş tədbirdə vilayətinin müxtəlif universitetlərində təhsil alan alman və xarici ölkələrdən olan tələbələr iştirak edib.

Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyası fəallarından olan Emil Mirzəyev iştirakçılara məlumat verərək bildirib ki, tədbir terror, separatizm və soyqırımdan illərdir əziyyət çəkən Azərbaycan xalqının yaşadığı, 26 fevral 1992-ci ildə dünyanın gözü qarşısında Ermənistan dövləti tərəfindən törədilmiş Xocalı soyqırımına həsr olunub. E.Mirzəyev bu soyqırımın yalnız azərbaycanlılara qarşı deyil, bütün insanlığa qarşı törədilmiş cinayət hadisəsi olduğunu vurğulayıb.

Təşkilat üzvünün çıxışından sonra Xocalı soyqırımı barədə sənədli film nümayiş etdirilib. Daha sonra təşkilatın fəal üzvlərindən Murad Cəlalov diqqəti Azərbaycan ərazilərinin işğalı və Xocalı hadisələri zamanı əsir düşmüş və girov götürülmüş insanların taleyinə yönəldib, ermənilərin girovluqda olan şəxslərlə amansız davranışılarını, onlara dəhşətli işgəncələr verməsini xüsusi vurğulayıb. O, Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun doğulduqları torpaqları ziyarət edərkən ermənilər tərəfindən girov götürülməsi, sonuncunun isə girovluqda öldürülməsi barədə də tədbir iştirakçılarını məlumatlandırıb və bütün bunların dünyanın gözü qarşısında baş verdiyini vurğulayıb. M.Cəlalov gəncləri ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım və vəhşiliklərə insanlıq adına səssiz qalmamağa çağırıb.

Çıxışlardan sonra Qarabağ müharibəsindən bəhs edən “Fəryad” filmi nümayiş etdirilib.

Tədbir zamanı xüsusi stenddə erməni terrorunu və vəhşiliyini əks etdirən kitab, jurnal və fotolar sərgilənib. Nümayiş olunan nəşrlərə maraq göstərən tədbir iştirakçılarına erməni terroru və Xocalı soyqırımı barədə disklər paylanılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi