Yuxarı

Xocalı faciəsi yəhudi muzeyində anılıb

Səfir Azərbaycan və yəhudi xalqlarının ortaq tarixi paylaşdıqlarını xüsusi vurğulayıb

Bakı. 3 mart. REPORT.AZ/ Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə Xocalı faciəsi qurbanları Brüsseldə yerləşən Belçika Yəhudi Muzeyində anılıb. Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Azərbaycan Respublikasının Belçika Krallığındakı fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan QHT Forumunun prezidenti Rauf Zeyni, İslam Konfransının Avropadakı nümayəndəliyinin rəhbəri Arif Məmmdəov, Azərbaycanın NATO-dakı nümayəndəliyinin əməkdaşları, Yəhudi Cəmiyyətini Avropa nümayəndəliyinin rəhbəri Levi Matusof, Brüssel Yəhudi Muzeyinin prezidenti Filipp Blondin, Xocalı hadisələrinin şahidi Cavid Əliyev və Benilüks ölkələrindəki Azərbaycan icmasının nümayəndələri iştirak edib.

Konfransda çıxış edən Benilüks Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov Xocalı faciəsinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi haqda məlumat verib və Xocalı faciəsinə beynəlxalq qurumlar tərəfindən hüquqi qiymətin verilməsinin zəruriliyini vurğulayıb. O, həmçinin azərbaycanlıların və yəhudilərin hər zaman sülh şəraitində yaşadıqlarını və Azərbaycanın antisemitizmin olmadığı nadir ölkələrdən biri olduğunu deyib.

Səfir Fuad İsgəndərov da Xocalı soyqırımının Azərbaycan tarixində qara səhifə olduğunu qeyd edib. Səfir Azərbaycan və yəhudi xalqlarının ortaq tarixi paylaşdıqlarını xüsusi vurğulayıb.

Öz çıxışında, Benilüks Azərbaycanlıları Konqresinin fəaliyyətini yüksək qiymətləndirən Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev isə ümumilikdə Azərbaycan diasporunun böyük coğrafiyada mütəşəkkil fəaliyyət göstərdiyini bildirib.

Daha sonra söz alan Avropa Yəhudilərinin İctimai Əlaqələr üzrə Cəmiyyətinin direktoru Levi Matusof öz növbəsində tədbir təşkilatçılarına minnətdarlığını bildirib, Azərbaycan və yəhudi xalqlarının dostluğunu qeyd edib və azərbaycanlıların acısını paylaşdığını deyib.

Sonra tədbirdə BAK vitse-prezidenti Ofeliya Babayeva, Musa Pünhan və başqaları çıxış edərək Xocalı faciəsi, Azərbaycan həqiqətlərinin Avropada təbliğ olunması barədə danışıblar.

Konfransdan əvvəl qonaqlar soyqırımı və terror qurbanlarının xatirəsinə açılmış muzeyin önünə gül çələngi qoyublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi