Yuxarı
    Bağlamaq

    Viktor Yuşenko, Leonid Kojara və Rövşən Tağıyev Kiyevdə Dağlıq Qarabağdan və Donbasdan danışıblar

    Bakı. 27 dekabr. REPORT.AZ/ Ukraynada yaşayan azərbaycanlılar Kiyevdə toplaşaraq 31 Dekabr dünya azərbaycanlılarının Həmrəyli Gününü qeyd ediblər, tədbir çərçivəsində ilin yekunu ilə bağlı hesabat yığıncaq keçiriblər.

    Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən (BUAK) "Report"a verilən məlumata görə, ölkənin bütün vilayətlərindən toplaşan azərbaycanlılar əvvəlcə ilin yekunu ilə bağlı hesabat toplantısı keçiriblər.

    Konqresin vilayət təşkilat sədrlərinin, Ali Məclisinin sədri Akif Gülməmmədovun iştirakı ilə keçən iclasda BUAK sədri, Ukrayna Millətlər Assambleyasının (UMA) prezidenti, Avropa Azərbaycanlıları Konqresinin (AAK) vitse prezidenti Rövşən Tağıyev toplantını açaraq ölkənin ictimai, siyasi və iqtisadi sferalarında azərbaycanlıların il ərzində gördüyü fəaliyyətindən danışıb. O qeyd edib ki, ölkədə yaşayan azərbaycanlıların tam əksəriyyəti birmənalı olaraq Ukrayna dövlətinin hazırkı kursunu dəstəkləyir, ölkənin birmənalı olaraq Avropaya inteqrasiyasının tərəfdarıdır. Daha sonra regionlardan gələn konqresin yerli təşkilat rəhbərləri gördükləri işlərdən danışıblar.

    Toplantının ardınca Kiyevin Prezident mehmanxanasının ziyafət salonunda Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Ukraynanın dövlət və hökumət nümayəndələri, Ali Radanın deputatları, diplomatik korpusun nümayəndələri və diaspor fəalları iştirak ediblər.

    BUAK sədri Rövşən Tağıyev 26 il bundan əvvəl dövlət müstəqilliyini bərpa edən Azərbaycanın beynəlxalq arenada əldə etdiyi yüksək nailiyyətlərdən danışıb: “Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında və dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsində ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini sadalamaqla qurtarmaq olmaz. Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi vətənimizdə həyata keçirilən mühüm iqtisadi, sosial islahatlar dayanmadan davam edir”. R.Tağıyev Azərbaycanla Ukrayna arasında mövcud olan strateji müttəfiqlik münasibətlərini müstəqillik tariximizin uğuru kimi dəyərləndirib. O eyni zamanda həm Azərbaycanın, həm də Ukraynanın separatizmdən əziyyət çəkdiyini xatırladaraq azərbaycanlıları bu məsələdə həqiqətlərin dünyaya çatdırılmasında fəal olmağa çağırıb.

    Çıxış edən Ukraynanın 3-cü prezidenti Viktor Yuşşenko Azərbaycan-Ukrayna əlaqələrinin tarixindən, sıx strateji əməkdaşlığından və bu əməkdaşlığın gücləndirilməsində Heydər Əliyevin xidmətlərindən danışıb. V.Yuşenko da çıxışında Azərbaycanın müstəqillik uğurundan bəhs edərək eyni zamanda yerli və əcnəbi qonaqlara Dağlıq Qarabağ problemindən danışıb, Azərbaycanın və Ukraynanın hazırda separatizmdən əziyyət çəkməsindən bəhs edərək problemin həllinin uzanmasından narahatlığını ifadə edib. Keçmiş prezident Azərbaycanın bu probleminin həllinə həmişə dəstək olmağa hazır olduğunu bildirib.

    Ukraynanın sabiq xarici işlər naziri, ATƏT-in keçmiş sədri, Ali Radanın deputatı Leonid Kojara da çıxışında iki ölkənin əlaqələrinin tarixindən və separatizmlə bağlı oxşar problemlərindən bəhs edib. Avrasiya Yəhudi Konqresinin sədri Yosef Zisels, Darya Krivenko, Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Elman Bağırov və digər şəxslər Azərbaycanın müstəqillik tarixindən danışıblar. Tədbirin sonunda diaspor inkişafındakı xidmətlərinə görə BUAK-ın bir sıra vilayət təşkilatlarının rəhbərlərinə Azərbaycanın Ukraynadakı səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin fəxri fərmanları təqdim olunub. Bayram şənliyinin iştirakçıları Ukraynanın xalq artisti Qurban Abbasovun və digər müğənnilərin ifasında mahnılar dinləyiblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi