Yuxarı

UNESCO-nun mənzil-qərargahında Novruz bayramı qeyd olunub

​UNESCO-nu mənzil-qərargahında Novruz bayramı qeyd olunub

Azərbaycan, Əfqanıstan, İran, İraq, Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Tacikistan, Hindistan və Pakistanın UNESCO yanındakı daimi nümayəndəliklərinin birgə təşkilatçılığı ilə qurumun mənzil-qərargahında Novruz bayramı qeyd olunub.

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, tədbirdə bu ölkələrin səfirləri, UNESCO yanında daimi nümayəndələri, diaspor təşkilatları nümayəndələri və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən rəsmi nümayəndələr Novruz bayramı və onun mənəvi əhəmiyyətindən danışıblar. İranın UNESCO yanındakı daimi nümayəndəsi Ə.Calali çıxış edərək Novruzun xoşbəxtlik, sevinc bayramı olduğunu, insanları bir araya gətirdiyini qonaqların diqqətinə çatdırıb.

UNESCO baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Ernesto Ottone Ramirez tədbir iştirakçılarını qurumun baş direktoru Odri Azuleyin adından təbrik edib. O, bəşəriyyət üçün önəmli bayramlardan biri olan Novruzun sülh, həmrəylik kimi ümumbəşəri dəyərləri əks etdirdiyini vurğulayıb.

Tədbir çərçivəsində təşkilatçı ölkələrin mədəniyyət nümayəndələri milli musiqi və rəqs nümunələri ifa ediblər, Novruz adətlərinə həsr edilmiş sənədli film nümayiş olunub.

Xatırladaq ki, Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi