Türkiyə səfiri Gürcüstanın azərbaycanlı gəncləri və iş adamlarının problemləri ilə tanış olub

Türkiyə səfiri Gürcüstanın azərbaycanlı gəncləri və iş adamlarının problemləri ilə tanış olub Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Marneuli rayonunda azərbaycanlı iş adamları və Türkiyə ali məktəblərinin azərbaycanlı məzunları ilə görüşüb.
Diaspor
18 May , 2019 15:08
Türkiyə səfiri Gürcüstanın azərbaycanlı gəncləri və iş adamlarının problemləri ilə tanış olub

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Marneuli rayonunda azərbaycanlı iş adamları və Türkiyə ali məktəblərinin azərbaycanlı məzunları ilə görüşüb.

“Report”un Gürcüstan bürosu xəbər verir, Mülki Məşğulluq Mərkəzində keçirilən görüşdə səfir azərbaycanlı iş adamlarını və gəncləri narahat edən məsələlərlə tanış olub.

Borçalı İş Adamları Birliyinin sədri İsrafil Bayramov bildirib ki, Türkiyədə ali təhsil alıb Gürcüstana qayıdan azərbaycanlı gənclərin ən əsas problemi işsizlikdir və bu da əsasən onların əksəriyyətinin gürcü dilini bilməmələri ilə bağlıdır.

O qeyd edib ki, Marneuli rayonunda Türkiyə ilə biznes əlaqələri quran azərbaycanlı iş adamları bu ölkəyə məhsul ixracında müəyyən çətinliklərlə üzləşirlər.

F.C.Yazqan bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlılar ölkə cəmiyyətinə inteqrasiya etmək üçün dövlət dilini mütləq öyrənməlidirlər: “Gürcü dilini öyrənmək öz ana dilini unutmaq anlamına gəlməməlidir. İnteqrasiya assimilyasiyaya çevrilməməlidir. Azərbaycanlılar öz milli mənsubiyyətlərini qoruyub saxlayaraq inteqrasiya prosesində fəal iştirak etməlidirlər”.

Gəncləri narahat edən problemlərə toxunan səfir Tbilisidə Türkiyə Məzunları Dərnəyinin fəaliyyət göstərdiyini deyib. Diplomat azərbaycanlı gəncləri həmin təşkilata üzv olmağa dəvət edib.

Onun sözlərinə görə, Gürcüstanda fəaliyyət göstərən Gürcü-Türk İş Adamları Dərnəyi (GURTİAD) və Müstəqil Sənayeçi və İş adamları Dərnəyi (MÜSİAD) azərbaycanlı gənclərin işlə təmin olunması imkanlarını araşdıra bilər.

Diplomat Kvemo Kartli (Borçalı) bölgəsində yetişdirilən məhsulların Türkiyə bazarına çıxarılması zamanı yaranan problemlərin araşdırılacağını qeyd edib. Onun sözlərinə görə, səfirlik bölgədən olan iş adamlarının Türkiyəyə səfər etmələrinə dəstək göstərə bilər.

F.C.Yazqan Kvemo Kartli (Borçalı) bölgəsinin böyük iqtisadi potensiala malik olduğunu bildirib: “Bu bölgədə kənd təsərrüfatı və xüsusən də turizm sahəsinin inkişafı üçün böyük imkanlar var. Türkiyədən Gürcüstana səfər edən turistlər üçün azərbaycanlıların yaşadığı bu bölgə olduqca maraqlı ola bilər. Turist səfərlərinin təşkili üçün bölgədə turizm şirkətləri açılmalı və turistlərin rahatlığı üçün tələb olunan şərait yaradılmalıdır”.

Görüş iştirakçıları Türkiyə səfirinə onlara göstərdiyi diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi