Yuxarı
    Bağlamaq

    Təşkilat sədri: “Azərbaycan hökumətinin başlatdığı proses Qazaxıstanda sənədsiz yaşayan soydaşlarımızda ümid yaradıb”

    Bakı. 1 noyabr. REPORT.AZ/ “Qazaxıstanda sənədsiz yaşayan azərbaycanlıların sayı barədə dəqiq məlumat yoxdur. Amma mənim özümə il ərzində sənədlərindəki problemlə bağlı yüzlərlə azərbaycanlı müraciət edir. Azərbaycan hökumətinin Türkiyədə qanunsuz miqrant həyatı yaşayan vətəndaşlarının hüquqi statusunun leqallaşdırılması ilə bağlı başlatdığı proses Qazaxıstanda eyni problemlə üzləşən soydaşlarımıza da ümid verib”.

    Bunu "Report"a açıqlamasında Qazaxıstandakı Azərbaycan diaspor təşkilatlarından bir olan “Heydərçi” Gənclər Təşkilatının sədri Bəhruz Axundov deyib.

    Onun sözlərinə görə, 1990-c illərin əvvəlində Türkiyə kimi Qazaxıstana da qazanc dalınca üz tutan minlərlə soydaşımız müxtəlif səbəblərdən burada qanunsuz miqranta çevrilib. Əsasən, kimliyini təsdiq edən sənədlərin etibarlılıq müddətinin bitməsi və qeydiyyat məsələləri ilə bağlı yaranmış problemlər getdikcə onlar üçün daha ciddi əngəllər yaratmağa başlayıb: “1990-cı illərdən bəri soydaşlarımız sənədləri ilə bağlı əziyyət çəkir. Bu məsələdə Azərbaycanın Qazaxıstandakı səfirliyi bizə çox dəstək olur. Səfirliyə müraciətlərimiz cavablandırılır, lazımi dəstək göstərilir”.

    B.Axundov Qazaxıstanda qeyri-leqal yaşayan soydaşlarımızın probleminin həlli ilə bağlı Azərbaycan hökumətinin Türkiyədə başladığı işləri yüksək qiymətləndirir: “Xüsusilə bu məsələdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəallığı digər ölkələrdə eyni problemlə yaşayan soydaşlarımızda inam yaradıb. Artıq Qazaxıstanda qanunsuz yaşayan Azərbaycan vətəndaşları problemin həlli ilə bağlı Dövlət Komitəsinə müraciət hazırlayırlar. Yaxın vaxtlarda məsələni ictimailəşdirərək hər iki ölkənin hökumətləri səviyyəsində müzakirəyə çıxarılmasına nail olmağa çalışacağıq”.

    Təşkilat sədri hesab edir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin istər bu, istərsə də digər məsələlərdə xaricdəki soydaşlarımıza son zamanlar diqqəti artırması təqdirəlayiq haldır və bu, həmvətənlərimizin, eləcə də diaspor təşkilatlarının Dövlət Komitəsi ilə sıx əməkdaşlığına təkan verəcək: “Zamanında qurumdan incik düşən soydaşlarımız komitəyə yeni sədr təyinatından sonra yenidən ruhlanıb. Düşünürük ki, Dövlət Komitəsi və onun rəhbərliyi ilə işbirliyimiz alınacaq və daha da möhkəmlənəcək. Demək yerinə düşər ki, 23 ildir fəaliyyət göstərən təşkilatımız burada Azərbaycanı təbliğ etməklə yanaşı, eyni zamanda soydaşlarımızın istənilən problemi ilə bağlı üz tutduğu məkandır. Hər hansı məsələ ilə bağlı müracitə edən soydaşımıza “yox” cavabı vermirik, əlimizdən gələn köməyi edirik və Diaspor Komitəsində aparılan islahatlar, yeni rəhbərliyin həmvətənlərimizə qayğılı münasibəti bundan sonrakı fəaliyyətimizi motivasiya edir, tarixi Vətənlə bağlılığımızı artırır”.

    Qeyd edək ki, Azərbaycan hökumətinin Türkiyədə qanunsuz miqrant həyatı yaşayan vətəndaşlarının hüquqi statusunun leqallaşdırılması ilə bağlı başladığı proses bu ölkədəki soydaşlarımızda böyük ümidlər yaradıb. Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə başladılan və Azərbaycanın bir sıra dövlət qurumlarının birgə həyata keçirdiyi işlər Türkiyədəki soydaşlarımız tərəfindən təqdir olunur və dəstəklənir. Belə ki, dəqiq statistika məlum olmasa da, söhbət Azərbaycanla əlaqəsi kəsilən, Türkiyədə qanunsuz yaşadığı üçün yerli cəmiyyətə inteqrasiya oluna bilməyən, səhiyyə, təhsil və digər hüquqlarından məhrum olan çox sayda soydaşımızdan gedir. Problemin həlli Türkiyədəki minlərlə azərbaycanlı ailənin yaşamını və fəaliyyətini leqallaşdırması, Azərbaycanla əlaqələrini bərpa etməsi və öz hüquqlarından istifadə edə bilməsi deməkdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi