Tbilisidə ​Xocalı soyqırımı ilə əlaqədar aksiya keçirilib - FOTO

Tbilisidə ​Xocalı soyqırımı ilə əlaqədar aksiya keçirilib - FOTO Metro stansiyalarının qarşısında Xocalı soyqırımından bəhs edən broşür paylayıblar
Diaspor
15 Fevral , 2016 18:00
Tbilisidə ​Xocalı soyqırımı ilə əlaqədar aksiya keçirilib - FOTO

Tbilisi. 15 fevral. REPORT.AZ/ Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar fevralın 15-də Tbilisinin mərkəzində aksiya keçirilib.

"Report" xəbər verir ki, “Borçalı İrəli” İctimai Birliyinin təşəbbüsü ilə keçirilən aksiyanın iştirakçıları paytaxt küçələrində, metro stansiyalarının qarşısında Xocalı soyqırımından bəhs edən broşür və mətbuat üçün açıqcalar paylayıblar.

Tbilisi şəhər sakini, kilsə xidmətçisi xanım Ketevan Çavleşvili "Report"a müsahibəsində deyib ki, 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində dinc insanların qətlə yetirilməsi insanlığa sığımayan hərəkətlərdir: "Gənclərin bizə payladıqları broşür və açıqcalarda yaşından, irqindən və dinindən asılı olmayaraq, insanların vəhşicəsinə qətlə yetirildiyi bildirilir. Bu qətliamı törədənlər Gürcüstanda da qatı cinayətlər törədiblər. Amma Xocalıda baş verənlər əsl soyqırımıdır. Biz sizin dərdinizi, ağrı-acınızı dərk edirik, qəlbimiz sizinlədir".

“Borçalı İrəli” İctimai Birliyinin sədri Məhəbbət İmanov qeyd edib ki, “Xocalıya ədalət” kampaniyası çərçivəsində keçirilən aksiyanın məqsədi gürcü xalqına və paytaxtın qonaqlarına Xocalı soyqırımı barədə ətraflı məlumat vermək, bu yolla dünya ictimaiyyətinin diqqətini 1992-ci il fevralın 26-da gecə dinc azərbaycanlılara qarşı törədilmiş misli görünməmiş cinayətə cəlb etməkdir.

Gürcüstanın Gənc Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının təsisçisi Əli Bədirov deyib ki, assosiasiyanın üzvləri də bu aksiyada fəal iştirak edirlər. Assosiasiya üzvləri dünyanın aparıcı dövlətlərinə də müraciət qəbul ediblər. Müraciətdə Xocalı faciəsinin baş vermə səbəbləri, acı nəticələri barədə məlumat verilir: “Məqsədimiz Xocalı soyqırımına dünya ölkələri və beynəlxalq təşkilatlar səviyyəsində ədalətli qiymət vermək, günahkarların cəzalandırılmasına nail olmaqdır”, - deyə o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi