Yuxarı
    Bağlamaq

    Tbilisidə Novruz bayramı münasibətilə konsert təşkil olunub - FOTO

    © Report

    Tbilisi. 25 mart. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisidə Novruz bayramı geniş şəkildə qeyd olunub.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, martın 25-də Gürcüstan Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Tbilisidə Novruz bayramına həsr olunmuş şənlik keçirilib.

    Tədbir iştirakçıları, eləcə də Tbilisinin mərkəzindəki Heydər Əliyev parkına toplaşan qonaqlar bayram konsertinə tamaşa edib, müxtəlif bayram sovqatlarının, şəkərbura və paxlavanın dadına baxıblar.

    Şura sədri İsaq Novruzov tədbiri açaraq şəhər sakinlərini Novruz bayramı münasibəti ilə təbrik edib, bu bayramın bolluq, ruzi-bərəkət, bərabərlik bayramı olduğunu qeyd edib.

    Sonra digər çıxış edənlər azərbaycanlıları və bütün şəhər əhalisini təbrik ediblər. Bildirilib ki, Azərbaycan və gürcü xalqları arasındakı dostluq, qardaşlıq bütün sahələrdə əlaqələrimizin inkişafına xidmət edir.

    Sonra aşıqlar, pəhləvanlar, mədəniyyət kollektivləri, eləcə də Tbilisidə səfərdə olan Xırdalan şəhər onbirillik musiqi məktəbinin kollektivi maraqlı konsert proqramı ilə çıxış edib.

    Gürcüstan Ağsaqqallar Şurasının sədri İsaq Novruzov "Report"a müsahibəsində deyib ki, Novruz bayramını Gürcüstan paytaxtı Tbilisidə qeyd etməkdə məqsəd xalqımızın adət-ənənələrini nümayiş etdirmək, Novruzun mahiyyəti barədə şəhər ictimaiyyətinə və qonaqlara məlumat verməkdir.

    “Azərbaycan xalqının qədim tarixi, mədəniyyəti, Novruz bayramının əsl mahiyyəti barədə hamıya məlumat verilməlidir”, - deyə İsaq Novruzov vurğulayıb.

    Bayram şənliyinə gəlmiş balaca fidanlara və qonaqlara Novruz hədiyyələri təqdim olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi