Fransada azərbaycanlı nəşriyyatçı: "Mağaza Hüseyn Abbaszadənin kitablarını yenidən sifariş verəndə uşaq kimi sevinirdik"

Fransada azərbaycanlı nəşriyyatçı: "Mağaza Hüseyn Abbaszadənin kitablarını yenidən sifariş verəndə uşaq kimi sevinirdik" “Kəpəz“ Nəşriyyat Evinin rəhbəri: " Azərbaycan ədəbiyyatının yayılmasına mane olmaq istəyənlər var"
Diaspor
8 Fevral , 2019 12:27
Fransada azərbaycanlı nəşriyyatçı: Mağaza Hüseyn Abbaszadənin kitablarını yenidən sifariş verəndə uşaq kimi sevinirdik

Paris. 7 fevral. REPORT.AZ/ Fransanın Strasburq şəhərində fəaliyyət göstərən "Kəpəz" Nəşriyyat Evinin rəhbəri Nicat Kazımovun “Report“un Qərbi Avropa bürosuna müsahibəsi:

- Əvvəlcə rəhbəri olduğunuz "Kəpəz" Nəşriyyat Evinin fəaliyyəti haqqında məlumat verərdiniz...

- Fəaliyyətə başladığımız 1 il ərzində nəşriyyatımızda çap olunan kitablar Hüseyn Abbaszadənin “Hardasınız, cənab Abel?“, Əhməd bəy Ağayevin məqalələr toplusu olan “Müsəlman dünyasında islahatlar“ və Nəriman Nərimanovun “Bahadır və Sona“ kitabları böyük uğurla satılıb. Kitablarımızın nəşrindəki uğurlarımızla yanaşı, digər sahələrdə də xeyli təcrübə qazana bilmişik. Saytımız istifadəyə verilib, sosial şəbəkələrdə oxucularımızın sayı iki mini ötüb. Nəşriyyatımız artıq Avropa Şurası, Avropa Parlamenti kimi mötəbər institutların və digər qurumların tədbirlərinə dəvətlər alır. İl ərzində bir neçə dəfə müxtəlif kitabxanalarda və digər ictimai yerlərdə kitablarımızın təqdimatını keçirməyə nail olmuşuq. Bir sıra tanınmış yerli və beynəlxalq yazıçılar əsərlərinin çapı üçün bizimlə müqavilə imzalayaraq müəllif hüquqlarını bizim nəşriyyata həvalə ediblər. Onlarla kitab mağazası ilə müqavilələr imzalamağımızla yanaşı, kitablarımız çox satıldığı üçün tanınmış mağazaların rəflərində də özlərinə yer edə biliblər. Nəşriyyatımız fəaliyyət göstərdiyi bir il ərzində tam peşəkar bir nəşriyyata çevrilə bilib.

- Nəşriyyat yaratmaq ideyası sizdə necə yarandı?

- Öz kitabımın - “Rəngli daşlar“ın təqdimatında idik. Təqdimata xeyli fransalı oxucu gəlmişdi və çoxlu sayda maraqlı suallar verirdilər. Bir xanım başqa azərbaycanlı yazıçıların fransızca kitabları ilə maraqlandı. Mənim məsləhət gördüyüm kitabları asanlıqla tapa bilməyəcəyini, arxivlərə getməli olduğunu bildirdim. Nəşriyyatımızın yaradıcılarından biri və İdarə Heyətinin üzvü Dilbadi Qasımova da belə bir sual ilə müraciət etmişdilər. Beləliklə nəşriyyat yaratmağa qərar verdik.

Bu müddət ərzində ən böyük sevinciniz hansı uğurunuzla bağlı olub?

- Kitab mağazasından mənə zəng edib Hüseyn Abbaszadənin kitablarını yenidən sifariş verəndə təsəvvürünüzə gətirə bilməzsiniz ki, necə uşaq kimi sevinirdim. Əməkdaşlarımız da mənim kimi sevinirdilər. Gün ərzində minlərlə müştərisi olan kitab mağazalarının əsas rəflərində bizim kitablarımızı görmək necə qürurverici bir hiss olduğunu, ümumiyyətlə, sözlə ifadə etmək mümkün deyil. Söhbət kitablarımızın oxunmasından yox, tanınmayan bir ədəbiyyatın fransızlar tərəfindən kütləvi oxunmasından gedir.

- Bu il üçün hansı planlarınız var?

- Artıq on minlərlə oxucunun ürəyini fəth etməyi qarşımıza hədəf qoymuşuq. Ötən il yeni yarandığından nəşriyyatımızın bir sıra texniki problemləri oldu. Lakin buna baxmayaraq, uğurlarımız da çox oldu. Artıq bu gün oturuşmuş bir sistem yaratmağa nail olduğumuz üçün qarşımıza da konkret hədəflər qoymuşuq. Hazırda “Bahadır və Sona“ kitabını ispan dilinə çapa hazırlayırıq. 2019 cu ildə istər Azərbaycan, istərsə də dünya ədəbiyyatının korifeylərindən xeyli əsər nəşr etməyi planlaşdırırıq. Çapını hazırladığımız “Azərbaycan ədəbiyyatının antologiyası“ kitabı 19-cu əsrdən etibarən 28 yazıçının hekayətindən ibarət iri həcmli kitab olacaq. Bu kitabın təqdimatı mart ayının 23-də Strasburqun “Kleber“ kitab mağazasında keçiriləcək. Hansı ki, bu mağazada yalnız Nobel mükafatına layiq görülmüş əsərlərin təqdimatı baş tutur. Çingiz Abdullayevin də kitabının çapı yaxın vaxtlarda gözlənilir, tərcümə və redaktə işi artıq başa çatıb.

Nəşriyyatınızda yerli yazarlardan kimin əsərinin çap olunacağını hansı meyarlar əsasında müəyyən edirsiniz?

- Biz çalışırıq ki, paralel olaraq yerli yazıçıların da kitablarına öz qapılarımızı açıq qoyaq. Misal üçün, Türkiyənin mədəni əlaqələrinə dair çox qiymətli bir kitabın nəşrini hazırlayırıq ki, bu kitab Mustafa Kamal Atatürkün Strasburqda olması və digər çox nadir faktlar və dolğun məlumatlardan ibarətdir. Halbuki, bu barədə heç bir mənbə yoxdur. Belə bir önəmli kitab bizdə çap olunacaq. Bu yazar Fransada çox tanınıb və 10 minlərlə oxucusu var. Artıq müqaviləsi imzalanıb.

- Nəşr etmək üçün bəs Azərbaycan yazıçılarından kimin əsərlərini və hansı meyarlar əsasında müəyyən edirsiniz?

- Çox təəssüflər olsun ki, bizim dahi şairimiz Nizami Gəncəvi Fransada başqa bir millətə aid yazıçı kimi təqdim edilir. Nəsimi də o cümlədən. Bu hal bizə çox pis təsir edir. Bu səbəbdən, Nizaminin "Xəmsə"sini Fransız dilndə çap etmək qərarına gəlmişik. Bu il Azərbaycanda Nəsimi İlinin elan olunması da bizə seçim etməkdə kömək oldu. Nəsimi haqqında da kitab çap etməyi düşünürük. Ümumiyyətlə, belə tədbirlər bizə ədəbi fəaliyətimimizi davam etdirməyə həvəs verir. Nəriman Nərimanovun “Bahadır və Sona“ əsərini nəşr edib fransalı oxuculara tanıtmağımız da təsadüfi olmayıb. N.Nərimanov bu əsəri yazanda hələ Dağlıq Qarabaq problemi yox idi. Elə bil Nərimanov gələcəkdə ermənilərlə azərbaycanlılar arasında olacaq bu problemi əvvəlcədən görmüşdü. Kitabda göstərilir ki, Azərbaycan tərəfində heç bir problem yox idi. Azərbaycanlılar multikulturalizm ənənələrinə sadiq, müxtəlif mədəniyyətlərə açıq xalq kimi təqdim edilib.

Hansı mövzuda kitablara Fransada maraq böyükdür?

- Hazırda Timuçin Hacıbəylinin atası Ceyhun Hacıbəyli haqqında yazdığı “Miqrantların həyatı“ kitabını çapa hazırlayırıq. Fransalılar belə mövzulara həssaslıqla yanaşırlar və bu cür kitablar çox oxunulur. Bu kitabda Ceyhun Hacıbəylinin keşməkeşli həyatından söhbət gedir. Azərbaycan Demokratik Cümhuriyyəti öz müstəqilliyini itirdikdən sonra Fransada mühacir həyatı sürən Ceyhun Hacıbəyli burda istər maddi, istərsə də mənəvi çətinliklər yaşamalı olub. Ceyhun Hacıbəylinin qonşusunun Əlimərdan bəy Topçubaşov olması, onların eyni masa arxasında oturub çörək yemələri və söhbətləri o qədər maraqlıdır ki, hətta oxuduqca insan o dövrə səyahət etmiş olur. Bizim üçün bir qürür mənbəyidir ki, Ceyhun Hacıbəylinin gəlini, Timuçin Hacıbəylinin həyat yoldaşı Paskal Hacıbəyli bizə bu kitabı çap etmək üçün müəlif hüququnu həvalə edib.

- Fəaliyyətə başladığınız vaxtdan bü günədək çoxmu kitab sata bilmisiniz?

- İlk vaxtlar məqsədimiz kitablarımızı çox satmaq deyildi. Elə düşünürdük ki, fransalılar Azərbaycan ədəbiyyatını çox oxumazlar. Azərbaycan yazıçılarının əsərlərini fransız dilinə çevirib nəşr etməkdə məqsədimiz, sadəcə, irs qoymaq idi. İstədiyimiz yalnız o idi ki, 100 ildən sonra kitabaxanaların rəflərində Azərbaycana dair, yaxud azərbaycanlı yazarların əsərlərindən ibarət kitablar olsun. Arzumuz o idi ki, tələbələr doktorantura mövzusu üçün, yaxud professorlar elmi araşdırma apardıqları zaman istinad mənbəyi tapa bilsinlər. Lakin sonradan düşündüyümüzün əksinə olaraq fransızların kitablarımıza böyük marağını hiss etdik. Təqdimatlarımızda ən azı 50 nəfər iştirak edirdi. Bu günədək bizim kitablarımız 50-yə yaxın kitab mağazasına paylanılıb. Mətbuat nümayəndələri kitablar haqqında yazıb, bloqqerlər youtubda video təqdimatlar hazırlayıblar. Bu, bizim düzgün yolda olduğumuzu göstərir. Artıq daimi oxucular qazanmışıq. Hüseyn Abbaszadənin burada 1000 nəfərdən çox şəxs tərəfindən oxunması gözəl haldır və əməyimizin öz bəhrəsini artıq verdiyini nümayiş etdirir.

- Fəaliyyətinizi genişləndirməyi düşünürsünüzmü?

- Fransanın kitab mağazalarında digər ölkələrə həsr edilmiş kitabların toplandığı bölmələr var: Amerika, İran, Xorvatiya və sair. Hətta uzaq şərq ölkələrinə dair kitablardan ibarət xüsusi rəflərə də rast gəlirik. Təəssüf ki, Azərbaycana aid hələlik bölmə yoxdur. Lakin belə davam etsək, tezliklə Fransanın kitab mağazalarında bizim də ölkəmizə həsr edilmiş bölmələr fəaliyyət göstərəcək. Bu yaxınlarda nəşriyyatımızla uğurlu əməkdaşlıq edən tərcüməçi Elvin Abbasbəyli ilə Strasburqun Anre Malreux adına Bələdiyyə Kitabxanasında olmuşuq. Bu kitabxanada Azərbaycandan başqa, demək olar ki, bütün ölkələrin ədəbiyyatına aid bir bölmə var. Nəşriyyat olaraq kitablarımızı təqdim etdiyimiz zaman onlardan “Kitabxana siyasətimizə uyğundursa baxarıq“ cavabını aldıq. Biz isə burada Gürcüstan, Ermənistan varsa, Azərbaycan da olmalıdır dedik. Bizdə elə təəssürat yarandı ki, Azərbaycan ədəbiyyatının yayılmasına mane olmaq istəyənlər var. Həmin kitabxananın idarə heyətinin tərkibindəki şəxslərin soy adlarını öyrəndiyimiz zaman niyə kitablarımızın yayılmasını istəmədiklərini anladıq. Lakin "Kəpəz" Nəşriyyat Evinin qanuni və daimi fəaliyyəti, kitablarımızın yüksək standartlara uyğun şəkildə çap edilməsi bizə mane ola biləcək səbəbləri aradan qaldırır. Süni səbəblər yaradılarsa da, nəşriyyat hüquqşünas və vəkillər tərəfindən yarandığı üçün hüquqi yollarla öz hüququmuzu tələb etməyə qadirik. Fransada fəaliyyət göstərən dövlət kitabxanalarının hamısına zamanla kitablarımızı yerləşdirməyi düşünürük. İndi bələdiyyə kitabxanasından cavab gözləyirik. Yəqin ki, tezliklə Azərbaycan bölməsinin yaradılmasına müvəffəq olacağıq. 

Son xəbərlər

Orphus sistemi