Yuxarı

İstanbulda sabiq prezidentlərin toplantısı keçirilib

Toplantı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə reallaşıb

Bakı. 9 aprel. REPORT.AZ/ Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə Türkiyənin İstanbul şəhərində təşkilatın üzvü olan sabiq prezidentlərin toplantısı keçirilib. 

"Report" un Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə toplantıda Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Gül, Rumıniyanın eks-prezidenti Emil Konstantinesku, Latviyanın sabiq dövlət başçısı Valdis Zatlers, Bolqarıstanın keçmiş Prezidenti Petar Stoyanov, Moldovanın sabiq Prezidenti Petru Luçinski və Albaniyaya rəhbərlik etmiş Bamir Topi iştirak edib.

Görüşdə regional layihələr, enerji təhlükəsizliyi və bu məsələdə Azərbaycanın əhəmiyyəti, bölgədə cərəyan edən proseslərdə Türkiyənin rolu, Avrasiya qitəsində təhlükəsizliklə bağlı geniş fikir mübadiləsi aparılıb. Sabiq prezidentlər eyni zamanda aprelin 28-30-da Bakıda keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunu da geniş müzakirə ediblər. Müzakirələr zamanı bəşəriyyəti narahat edən qlobal problemlərin həll yollarının tapılması baxımından tədbirin vacibliyi xüsusi vurğulanıb. Qeyd olunub ki, dünya siyasətinin müəyyənləşməsində böyük rolu olan liderlərin beynəlxalq forumda iştirakı onun əhəmiyyətini daha da artırır.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən III Qlobal Müştərək Cəmiyyətlər Forumunda 75 ölkədən əksəriyyəti sabiq dövlət və hökumət başçısı olmaqla 350-yə yaxın qonağın iştirakı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi