Yuxarı
    Bağlamaq

    Romada IV Qlobal Bakı Forumuna Yüksək Səviyyəli Hazırlıq Görüşü keçirilir

    Tədbirə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da qatılıb

    Bakı. 27 yanvar. REPORT.AZ/ İtaliyanın paytaxtı Romada “Dinlərarası dialoq vasitəsilə radikallaşma və ekstremizmə cavab” mövzusuna həsr olunan IV Qlobal Bakı Forumuna Yüksək Səviyyəli Hazırlıq Görüşü öz işinə başlayıb.

    Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, İtaliyanın Beynəlxalq Təşkilatlar üzrə Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə İtaliya Senatında baş tutan tədbirdə dünyanın bır sıra nüfuzlu liderləri iştirak edir. Tədbirə Komitə sədri Nazim İbrahimov da qatılıb.

    İştirakçılar sırasında Bolqarıstan prezidenti Rosen Plevneliyev, Makedoniya prezidenti Giorge İvanov, İtaliya Senatının prezidenti Pietro Qrasso, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Serageldin, Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberqa, İSESCO-nun baş direktoru Əbdüləziz Əl-Tuveyrci, Ərəb Dövlətləri Liqasının sabiq baş katibi Əmr Musa, İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini də var. İtaliya, Polşa, Xorvatiya, Andorra, Latviya, Ukrayna, Rumıniya, Moldova, Albaniya, Serbiya və Bolqarıstanın sabiq prezidentləri də toplantıya qatılıb.

    Dünya liderləri panel iclaslarda dinlərarası dialoq yolu ilə radikallaşmaya və ekstremizmə qarşı yeni və effektiv həll yollarının tapılması ilə bağlı fikir və tövsiyələrini səsləndiriblər. NGBM-nin həmsədri, İsgəndəriyyə kitabxanasının direktoru İsmayıl Serageldin bildirib ki, müvəffəqiyyətin meyarı sayılan bütün sərvətlər və maddi rifahın olduğu dünyada mənəviyyat daha əhəmiyyətlidir.

    “Min illər boyunca müqəddəs taxt və qlobal mənəvi mərkəz, əsrlər boyunca güclü sülh carçısı rolunu oynayan əbədi şəhər Roma dinlərarası dialoqun, sülhün əldə olunmasında rolu məsələsinin müzakirəsi üçün mükəmməl yerdir. Yer üzündə sülhün əldə olunması kimi önəmli bir cəhddə İtaliya ön planda olmalıdır”, - deyə İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini bildirib.

    Xanım Vayra-Vike Frayberqa vurğulayıb ki, bəşəriyyətin mütləqiyyət axtarışında hər bir dinin özünəməxsus rolu var. Ukraynanın sabiq prezidenti Viktor Yuşenko isə qeyd edib ki, Ukrayna illər boyu müxtəlif din və etiqadların sülh şəraitində birgə mövcudluğunun bariz nümunəsi olub. Ərəb Dövlətləri Liqasının sabiq baş katibi Əmr Musa dünyada sülh şəraritinin yaradılması üçün birgə addımlar atılmasının zəruri olduğunu diqqətə çatdırıb. İSESCO-nun baş katibi Əbdüləziz Əl Tüveycri anlaşılmazlıqların qarşısını almaq üçün dialoqlara üz tutmağın vacibliyini vurğulayıb.

    IV Qlobal Bakı Forumuna hazırlıq məqsədilə keçirilən tədbir yanvarın 28-ə qədər davam edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi