RF rəsmisi: "Rusiyanın miqrasiya qanunlarına riayət etmək vacibdir"

RF rəsmisi: "Rusiyanın miqrasiya qanunlarına riayət etmək vacibdir" Sankt-Peterburqda təhsil alan azərbaycanlı gənclərlə görüş keçirilib
Diaspor
28 Noyabr , 2014 15:23
RF rəsmisi: Rusiyanın miqrasiya qanunlarına riayət etmək vacibdir

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun və “Azərbaycanlıların dostlarının “Naxçıvan” milli-mədəni birliyi” regional ictimai təşkilatının təşəbbüsü ilə bu şəhərdə təhsil alan azərbaycanlı tələbələrlə görüş təşkil olunub. "Report" xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, gənclərlə görüşə Rusiya Federal Miqrasiya Xidməti İdarəsinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə səlahiyyətli nümayəndəsi Vitaliy İlçenko dəvət olunub.

Tədbirdə azərbaycanlı tələbələrin Sankt-Peterbuqrda bu ölkənin mədəniyyətinə, adət-ənənəsinə, yerli miqrasiya qanunlarına, şərtlərinə və yaşayışına adaptasiyası məsələləri, tələbələrin qarşılaşdığı problemlər müzakirə edilib.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Elşad Qulamov bu təşəbbüsü dəstəklədiyi üçün “Azərbaycanlıların dostlarının “Naxçıvan” milli-mədəni birliyi” regional ictimai təşkilatının sədri İdris Qəhrəmanova təşəkkür edib. Daha sonra E.Qulamov bu şəhərdə yaşayan azərbaycanlıların, eləcə də tələbələrin Azərbaycan dövlətinin iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə inkişafına yönəlmiş siyasətini dəstəklədiyini bildirib. Baş konsul həmçinin bu görüşün azərbaycanlı tələbələrin problemlərinin həlli istiqamətində faydalı olacağına ümid etdiyini deyib.

İ.Qəhrəmanov rəhbərlik etdiyi qurumun hər zaman milli və millətlərarası həmrəyliyi dəstəklədiyini vurğulayaraq, Sankt-Peterbuqrun ali məktəblərində təhsil alan soydaşlarımıza kömək etməyə, həmçinin yerli miqrasiya xidməti ilə birgə hüquqi yardım göstərməyə hazır olduğunu deyib.

Rusiya Federal Miqrasiya Xidməti İdarəsinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə səlahiyyətli nümayəndəsi Vitaliy İlçenko təmsil etdiyi qurumun fəaliyyətindəki dəyişikliklər barədə məlumat verdikdən sonra gəncləri narahat edən sualları cavablandırıb. V.İlçenko Rusiya Federasiyasının miqrasiya qanunlarını bilməyin və bu qanunlara riayət etməyin vacibliyini vurğulayıb.

Tədbirin sonunda Azərbaycan tələbə təşkilatları şurasının yaradılması təşəbbüsü dəstəklənib və şəhərin müxtəlif təhsil ocaqlarında oxuyan azərbaycanlı gənclərdən ibarət şura üzvləri seçilib.

Son xəbərlər

Orphus sistemi