Yuxarı

Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində daha bir layihə başlanır

Türk xalqlarının problemləri ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində əhəmiyyətli addımlar atılacaq

Bakı. 20 dekabr. REPORT.AZ/ Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Diaspora mərkəzləri "Qarbağ həqiqətləri" layihəsini həyata keçirəcək. Bunu "Report"a açıqlamasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov bildirib.

Onun sözlərinə görə, Diaspora mərkəzlərinin yaradılması məqsədlərindən biri də Qarabağla bağlı həqiqətləri dünya birliyinə çatdırmaqdır. 

Qeyd edək ki, dekabrın 24-də Kiyev şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının ilk Diaspora mərkəzi açılacaq. Bundan başqa, ABŞ, Almaniya və Fransada Diaspora mərkəzlərinin açılması planlaşdırılır. 

R,Həsənov bildirib ki, Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağın Azərbaycanın tarixi torpaqları olması Şuraya üzv ölkələr tərəfindən hər zaman dəstəklənir: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı əsasında həll olunmasını Şuraya üzv ölkələrin başçıları hər zaman dəstəkləyir".

Baş katib vurğulayıb ki, Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə doğru şəkildə çatdırılması Şuraya üzv ölkələrin Diaspora mərkəzləri vasitəsilə də həyata keçiriləcək: "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Diaspora mərkəzlərinin məqsədləri arasında da bu məsələ öz əksini tapıb. Bu istiqamətdə işlərimiz davam edir".

R.Həsənov əlavə edib ki, Diaspora Regional Mərkəzləri türkdilli ölkələrin beynəlxalq mövqelərinin gücləndirilməsinə xidmət edir. "Diaspora mərkəzləri türkdilli dövlət və xalqların mədəniyyətinin və milli mənəvi dəyərlərinin dünya ictimaiyyətinə tanıdılması, müsbət imicin yaradılması, ictimai-siyasi baxımdan daha da aktivlik nümayiş etdirmək, bu xalqların digər ölkələrdəki maraqlarının müdafiə olunması, türk dünyasının əleyhinə aparılan təbliğat kampaniyalarının təsirsiz hala gətirilməsi, türk xalqlarının qarşılaşdığı problemlərlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində əhəmiyyətli addımlar atacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi