Yuxarı

Praqada Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulmasını tələb edən aksiya keçirilib- FOTO

Azərbaycanlı gənclər Ermənistanın işğalçı hərəkətlərini pisləyiblər

Bakı. 16 aprel.REPORT.AZ/Praqanın mərkəzində Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulmasını tələb edən sülhməramlı aksiya keçirilib.

Azərbaycanın Çexiyadakı səfirliyindən “Report”a verilən məlumata görə, aksiya Çexiyada fəaliyyət göstərən Azərbaycan Tələbə Şəbəkəsi, Azərbaycan icmasının üzvlərinin iştirakı ilə keçirilib.

Çexiya Prezident sarayının (Pražský Hrad) qarşısında keçirilən aksiyada Azərbaycanlı gənclər tərəfindən Ermənistanın işğalçı hərəkətlərini pisləyən, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə çağıran, işğalçı Ermənistan qoşunlarının ölkəmizin ərazisindən çıxarılmasını və işğala son qoyulmasını tələb edən şüarlar səsələndirilib.

Sülhməramlı aksiya zamanı Ermənistanın Azərbaycana qarşı təcavüzü, xüsusilə cari ilin aprel ayının əvvəllərində Ermənistan qoşunlarının təmas xətti boyunca təxribat xarakterli hücumları, Azərbaycan mövqelərinin atəşə tutulması, xüsusilə dinc sakinlərimizin qətlə yetirilməsi haqqında müvafiq məlumat vərəqləri yerli sakinlər və turistlərə paylanılıb.

Sülhməramlı aksiya ilə bağlı Çexiya prezidentinə ünvanlanan petisiya tərtib edilib və aksiya iştirakçıları tərəfindən imzalanıb.

Sülhməramlı aksiya Azərbaycanlı tələbə və gənclər tərəfindən ölkəmizin himninin oxunması ilə başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi