Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycanın Pakistandakı səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Azərbaycanın Pakistandakı səfirliyindən "Report"a verilən məlumata görə, əvvəlcə Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov qeyd edib ki, Heydər Əliyev özünün dolğun və parlaq həyatını bütünlüklə xalqına, Vətənə və dövlətə xidmətə həsr edib. Heydər Əliyevin qüdrətli dövlət qurmaqla və onun sürətli sosial-iqtisadi inkişafının möhkəm əsaslarını formalaşdırmaqla bərabər, həm də Azərbaycan dövlətinin xarici siyasətinin, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələrinin milli maraqlara, uzaqgörən siyasi perspektivlərə əsaslanan xətt üzrə inkişafını təmin edib. Diplomat, ümummilli lider Heydər Əliyevin ideyalarının Prezident İlham Əliyevin rəhbərliyi altında yaşadığını və davam etdiyini bildirib.
Səfir demişdir ki, Azərbaycan xalqı öz görkəmli liderinin nurlu xatirəsini həmişə hörmətlə yad edəcəkdir.
Tədbirin sonunda Ümummilli Liderin həyat və fəaliyyətinin əsas mərhələlərini əks edən videoçarx nümayiş etdirilib.
Bundan başqa Pakistan KİV-lərində Heydər Əliyevlə bağlı məqalələr dərc olunub.