Yuxarı

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Riqada toplaşır

Avropa qonşuluq siyasətinin ümumi strateji məqsədləri və nəticələri müzakirə olunacaq

Bakı. 19 may. REPORT.AZ/ Nizami Gəncəvi Beynəlxalq Mərkəzi təşkilatçılığı ilə bu gün Riqada liderlərin növbəti toplantısı başlayır. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramına və bu ilin aprelində keçirilən III Qlobal Bakı Forumunun nəticələrinə dair müzakirələr aparacaq. 

Məlumatda qeyd olunub ki, toplantı Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilir. İki gün davam edəcək iclasda Avropa qonşuluq siyasətinin ümumi strateji məqsədləri və nəticələri, Avropanın bugünkü mövqeyi, qonşuluq siyasətinin həyata keçirilməsinə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin verə biləcəyi töhfələr barədə ətraflı fikir mübadiləsi aparılacaq.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberqa, Rumıniyanın eks-prezidenti Emil Konstantinesku, Bosniya və Hersoqovinanın keçmiş baş naziri Zlatko Laqumciya, Moldovanın keçmiş dövlət başçısı Petru Luçinski, Albaniyanın sabiq prezident Recep Meydani iştirak edəcək.

Bundan başqa, müzakirələrə Slovakiyanın sabiq hökumət başçısı İveta Radikova, Bolqarıstanın eks-prezidenti Petar Stoyanov, Serbiyanın sabiq dövlət rəhbəri Boris Tadiç, Sloveniyanın keçmiş Prezidenti Danilo Turk, Ukraynanın keçmiş rəhbəri Viktor Yuşşenko, Latviyanın eks-prezidenti Valdis Zatlers də qatılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi