​Nizami Gəncəvi Beynəlxalq Mərkəzi daha bir təşkilatla əməkdaşlığa başlayıb

​Nizami Gəncəvi Beynəlxalq Mərkəzi daha bir təşkilatla əməkdaşlığa başlayıb Hər iki qurum müəyyən sahələr üzrə birgə fəaliyyət göstərəcək
Diaspor
23 Noyabr , 2015 16:00
​Nizami Gəncəvi Beynəlxalq Mərkəzi daha bir təşkilatla əməkdaşlığa başlayıb

Bakı. 23 noyabr. REPORT.AZ/ Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Beynəlxalq Təşkilatların İtalyan Cəmiyyəti arasında qarşılıqlı əməkdaşlıq memorandumu imzalanıb. Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən məlumat verilib.

Beynəlxalq Təşkilatların İtalyan Cəmiyyəti 1944-cü ildə İtaliyanın Xarici İşlər Nazirliyinin himayəsində təsis edilib və Birləşmiş Millətlər Assosiasiyalarının Ümumdünya Federasiyasının təsisçi qurumlarındandır. Hazırda təşkilatın rəhbəri İtaliyanın sabiq xarici işlər naziri (2002-2004; 2008-2011) və Avropa Birliyinin ədalət, azadlıq və təhlükəsizlik üzrə Avropa komissarı (2004-2008) Franko Frattinidir.

Əməkdaşlıq memorandumu çərçivəsində hər iki qurum multikulturalizm, dialoq, anlaşma, konfliktlərin həlli, dinlər və mədəniyyətlərarası dialoqun qurulması üçün birgə fəaliyyət göstərəcəklər.

Razılaşmaya əsasən, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Beynəlxalq Təşkilatların İtalyan Cəmiyyəti 2016-cı ilin yanvar ayında İtaliyanın paytaxtı Romada dinlərarası dialoq mövzusunda beynəlxalq konfrans təşkil edəcək. 

Qeyd edək ki, Nizami Gəncəvə Beynəlxalq Mərkəzinin bütün tədbirləri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ilə keçirilir.

Son xəbərlər

Orphus sistemi